Pakistanda bir televiziya kanalında canlı yayıma qatılan iki siyasətçi aralarında yaranan mübahisə nəticəsində əlbəyaxa olub.
Gununsesi.info xəbər verir ki, Pakistan Ədalət Hərəkatı Partiyasından (PTI) hüquqşünas və hüquq eksperti Şer Əfzal Mərvat və Pakistan Müsəlman Liqasının – Nəvaz (PML-N) senatının üzvü Əfnan Ullah Xan arasında qarşıdurma yaranıb.
“Express News” adlı telekanalda yayımlanan proqramda bir-biri ilə ağır sözlər deyən ikilidən Mərvat qəfil ayağa qalxaraq, Xanın üzərinə hücum çəkib. Bir-birinə girən ikili studiyadakı işçilər tərəfindən çətinliklə ayrılıb. Marvat davadan sonra verdiyi açıqlamada Pakistanın keçmiş baş naziri İmran Xanı təhqir etdiyi və onu “yəhudi agenti” adlandırdığı üçün Xana şillə vurduğunu bildirib.
Son vaxtlar Pakistanda siyasi gərginlik yüksəkdir. PTI və PML-N arasında güc mübarizəsi var. PTI lideri İmran Xan 2018-ci ildə seçkilərdə qalib gələrək baş nazir oldu. Lakin PML-N lideri Nəvaz Şərif seçkilərin saxtalaşdırıldığını iddia edərək Xanın istefasını tələb edir. Şərif 2017-ci ildə Panama sənədləri qalmaqalına görə korrupsiya ittihamı ilə vəzifəsindən azad edilib.
Səid Əhmədli
Gununsesi.info