
İsrail Nuseyrat qaçqın düşərgəsinə hava zərbəsi endirib. Şadlıq sarayının da yerləşdiyi 24 mərtəbəli binanı zərbələr nəticəsində dağılıb. Bu hava hücumundan saatlar sonra isə İsrail Qəzzanın ən böyük qaçqın düşərgəsi olan Cibaliyeni bombalayıb.
Gununsesi.info xəbər verir ki, F-16 təyyarələri tərəfindən həyata keçirildiyi bildirilən hava hücumu nəticəsində ilkin məlumatlara görə 50 nəfər həyatını itirib, 150 nəfər isə yaralanıb.
Qəzzanın Səhiyyə Nazirliyi dağıntılar altında çoxlu adamın olduğunu, ölənlərin sayının arta biləcəyini, ən azı 100-400 nəfərin ölə biləcəyini açıqlayıb. Hücumda 20 binanın tamamilə dağıdıldığı da qeyd edilib və tonlarla bombanın atıldığı iddia edilib. Sözügedən düşərgə təxminən bir həftə əvvəl bombardmana məruz qalmışdı.
İsrail ordusunun sözçüsü Daniel Haqari hücumu həyata keçirdiklərini və məqsədlərinin HƏMAS-ın komandirlərindən olan İbrahim Biarini öldürmək olduğunu bildirib. Haqari Cibaliyə mərkəzi taborunun komandiri olan və Qəzzanın şimalındakı bütün qarşıdurmalara nəzarət edən Biarinin hücumda öldüyündən əmin olduqlarını və məqsədlərinə çatdıqlarını iddia edib.
İsrail Müdafiə Qüvvələrindən (IDF) verilən rəsmi açıqlamada, təyyarələrin HƏMAS komandirlərindən Biarinin düşərgədə olduğuna dair kəşfiyyat məlumatları üzərinə hücum təşkil etdiyi və bu şəxsin də hücumu həyata keçirən komandirlərdən biri olduğu bildirilib. Qeyd edilib ki, Biari oktyabrın 7-də İsrailə hücumlara rəhbərlik edib.
CNN-də qatıldığı proqramda mövzu ilə bağlı sualları cavablandıran İDF sözçüsü polkovnik-leytenant Riçard Heçtin cavabları diqqət çəkib. Heçt bombardmanla bağlı oxşar fikirlər söyləsə də, aparıcının “HƏMAS komandiri üçün oranı bombardman etdiyiniz zaman günahsız mülki insanların olduğunu bilirdinizmi?” sualına “Bizim əsas işimiz çoxlu israillini öldürən Həmas komandiridir” cavabını verib. Aparıcı eyni sualı təkrarlayanda Heçt bunu “müharibə faciəsi” kimi qiymətləndirib və Biarinin mülki şəxslərin arxasında gizləndiyini iddia edib.
Gununsesi.info