Canni De Byazi: “Bakının gözəlliyi məni heyran edib”

“Azərbaycan böyüyən ölkədir, futbolda da gələcəyə dair nikbinlik var”.

Gununsesi.org xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi deyib.

İtaliya mətbuatına müsahibə verən təcrübəli mütəxəssis yeni müqaviləsi barədə danışıb:

“Təklif ciddi olduğu, eyni zamanda, AFFA rəhbərliyi etibarlı olduqlarını sübut etdikləri üçün bu seçimi etdim. Gələcək barədə düşüncəsi olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm. Onlarla ilk təmas fevralda olmuşdu, pandemiyaya görə danışıqlar dayandırılmışdı. İndi yenidən nəfəs ala bildiyimizə görə danışıb, razılaşdıq.

Müqavilə müddəti 2021-ci ilin sonuna qədərdir. Avqustun əvvəlində orada olacağam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çoxunu istəyərdim. Amma koronavirus hamımızı dayanmağa vadar etdi. İlk oyunumuzu sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var”.

64 yaşlı çalışdırıcı paytaxt Bakını tərifləyib və qarşıya qoyulan hədəfdən söz açıb:

“Bakı möhtəşəm şəhərdir. Bir neçə dəfə orada olmuşam və Bakının gözəlliyi məni heyran edib. Böyük, aktiv, dinamik şəhərdir, iki milyon əhalisi var və Xəzər dənizi sahilindədir. Şəhərdə qədimi divarların gözəlliyini də görə bilərsiniz. Bu, həqiqətən də, sehrdir.

Razılığa görə, əsasən, orada yaşayacağam. Albaniyadakı kimi edə bilmərəm. Tiranadan İtaliyaya asanlıqla gedə bilirdim. Bakı ilə məsafə isə uzaqdır, İstanbula getməli, oradan Bakıya yollanmalıyam. AFFA Millətlər Liqasında uğurlu çıxış istəyir. Bu, Qətərdə keçiriləcək DÇ-2022-yə aparan yoldur. Biz də üzərimizə düşəni etməyə çalışacağıq”.

Gununsesi.org