Canni De Byazi: “Situasiyanı dəyişməyə çalışacağıq”

  • By admin
  • 12 Oktyabr 2020 20:19

“Çalışacağıq ki, sabah yaxşı nəticə qazanaq. Monteneqro ilə görüşdə özümüz qapımızda səhvlər etdik və qollar buraxdıq. Matç başqa cür bitə bilərdi. Sabah situasiyanı dəyişməyə çalışacağıq”. 

Gununsesi.info xəbər verir ki, bu fikirləri Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının IV turunda Kiprə qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib.

63 yaşlı italiyalı mütəxəssis zədəli futbolçuların durumları haqqında danışıb: “Maksim Medvedev və Bədavi Hüseynov sabah oynamayacaq, Təmkin Xəlilzadə, böyük ehtimalla, ehtiyatda olacaq. Əli Qurbaninin da durumu yaxşı deyil. Xəlilzadə və Qurbani sabah testən keçəcəklər, lazım olsa, meydana çıxa bilərlər. Bədavi Hüseynovu Elvin Bədəlov, Maksim Medvedivi isə Azər Salahlı əvəzləyəcək”.

İtaliyalı baş məşqçi “taktiki planda dəyişiklik edəcəksinizmi” sualına belə cavab verib: “Oyun sistemimiz tamam dəyişməyəcək. Monteneqro ilə qarşılaşmadakı sonuncu sistem qalacaq. Taktika isə hər zaman rəqibə uyğun dəyişir. Oyun vaxtı da dəyişikliklərə hazırlıqlı olmalıyıq”.

Qeyd edək ki, oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda keçiriləcək Azərbaycan – Kipr görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

 

Gununsesi.info