“Cansız bədənini cəmi 1 dəqiqə qucaqlayıb saxlaya bildim”

“Düz 15 il bundan qabaq elə aprelin 13- ü səhərə qədər yatmadım. Heç səhər də yatmadım. Çünki gecədən halı pisləşən atam elə səhərəyaxın qollarımın arasında dünyasını dəyişdi. Cansız bədəni cəmi bir dəqiqə qucaqlayıb ayaqüstə saxlaya bildim. Çox ağır gəldi mənə. Elə o dəqiqədən də ailənin bütün yükü, ağırlığı mənim çiynimə düşdü. Oldum 21 yaşlı ata. Hətta cəsarətlənib 8 yaşlı uşağı da inandırdım ki, bu gündən ata mən oluram. Daha nə istəsən mənə deyəcəksən”.

Gununsesi.info xəbər verir ki, bu sözləri aktyor Elcan Rəsulov sosial şəbəkə hesabında yazıb. Dünyasını dəyişən atası ilə bağlı xatirələrini bölüşən sənətçi bunları əlavə edib:

“Həyatda belə olur. Hamı gəlir bığı çıxana qədər ata olur, sonra ölür. Mənim də bığım çıxana qədər ata mən olacam. O da bəlkə inandı, inandı deyə heç ağlamadı da. Bütün aktyorluq bacarığımı toplayıb özümdə güclü, məğrur adam obrazı yaratdım hamının gözündə. Heç kim mənim ağlamağımı görmədi. Uşaq da ölümü və dünyanı dərk edənə qədər bığ da saxlamadım. İndi də saxlamaq istəmirəm. Amma əvvəlki gücüm və dözümüm yoxdur. Çox kövrək olmuşam. Hər atası şəhid olan uşaq görəndə onlar qədər ağlayıram. Mən bilirəm onlar necə 8-10-13-15 yaşlı ata olurlar.

Bu gün də səhərə qədər yata bilmədim. İndi də səhərdir, durum ən çox zəhləm gedən növbəti 13 aprel gününü yaşayım… Allah, bizi bağışla”.

Gununsesi.info