Cavab verə bilməyəcəyim sual yoxdur - AKTYORUN DÖYDÜYÜ DİREKTOR FACEBOOK-LA MÜRACİƏT ETDİ

  • By admin
  • 24 Noyabr 2018 13:23

Xəbər verdiyimiz kimi, 175 saylı məktəbin direktoru Tural Mirzəliyevlə aktyor-rejissor Rza Rzayev arasında baş verən insident hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.

Hazırda Sabunçu rayon 3 saylı xəstəxanada müalicə alan direktor Musavat.com-a açıqlamasında kəllə-beyin travması aldığını və bu səbəbdən həkimlərin ona tərpənmə, hərəkət etmə qadağası qoyduğunu dedi.

Bu arada isə direktor bu gün sosial şəbəkədə status paylaşıb.

Gununsesi.org sözügedən statusu təqdim edir: “Hamıya salamlar və təşəkkürlər. Xəstəxanadayam. Burada olduğum müddətdə cəmiyyətlə ünsiyyətim zəifləyib. Hər şeyə cavab verə bilmirəm. Bu statusun altında hər kəs məsələ ilə əlaqədar istədiyi sualı yazsın. Suallar toplandıqdan və buradan çıxdıqdan sonra suallara uyğun ətraflı status yazacağam. Qarşı tərəfin vəkilləri də yaza bilər. Xahiş edirəm, hər sual ayrı şərh formasında olsun, mənə dəstək mesajları olmasın, məndən başqa suallara heç kim cavab verməsin. Mümkün qədər paylaşın ki, çox insan görsün. Cavab verə bilməyəcəyim sual yoxdur. Xəbər kirliliyini və dezinformasiyaları bitirmək istəyirəm”.

Artıq sözügedən statusun altında direktora xeyli suallar yönləndirilib. Onların içində dəstək xarakterli mesajlar çoxluq təşkil edir. Direktor hələlik hər hansı suala cavab verməyib. Dünən onun xəstəxana yatağından çəkilən videosunda isə T.Mirzəliyev səhhətinin ağır olduğunu demiş, ona dəstək verənlərə təşəkkür etmişdi.
Mövzunu davam etdirəcəyik.