

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İran İslam Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cavad Cahangirzadə ilə görüşüb.
Mədəniyyət bə Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Əbülfəz Qarayev Azərbaycanla İran İslam Respublikası arasında bütün sahələrdə əlaqələrin inkişaf etdiyini bildirib.
Nazir bildirib ki, iki ölkə arasında tarixi, mədəni və dini bağlılıq münasibətlərin daha da inkişaf etdirilməsinə müsbət təsir göstərir: “Ölkələrimiz arasında münasibətlər qədim tarixə dayanır. Hər iki ölkə ortaq mədəni dəyərləri paylaşır. Düşünürəm ki, bu sahədə əlaqələrin daha da genişləndirilməsi üçün böyük imkanlar var”.
Əbülfəs Qarayev son illər ölkəmizdə turizm sənayesinin inkişafı üçün həyata keçirilən işlər haqqında məlumat verib. Bildirib ki, ölkəmizin zəngin mədəniyyəti, tarixi, xalqımızın yüksək qonaqpərvərliyi, eyni zamanda yaradılan yeni turizm infrastrukturu, viza sisteminin sadələşdirilməsi Azərbaycana gələn turistlərin sayının artmasına müsbət təsir göstərir.
Nazir ölkəmizə gələn turistlərin sayında İran vətəndaşlarının da çoxluq təşkil etdiyini bildirib. Xüsusi ilə bu il Novruz bayramı ərəfəsində və ondan sonrakı dövrdə İrandan turist səfərləri əvvəlki illərə nisbətən daha da artdığını vurğulayıb.
Əbülfəs Qarayev 2017-ci ildə hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin də keçiriləcəyini qeyd edib.
Nazir gələn il ölkəmizdə keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda İran nümayəndə heyətinin də daha fəal iştirak etməyə dəvət edib.
Cavad Cahangirzadə öz növbəsində iki ölkə arasında bütün sahələrdə əlaqələrin inkişaf səviyyəsindən məmnunluq ifadə edərək bu münasibətlərin daha da yüksəlməsinə çalışacağını vurğulayıb. Digər sahələrdə olduğu kimi turizm sahəsində də əlaqələrin inkişaf etdiyini vurğulayan səfir İran vətəndaşlarının Azərbaycana böyük maraq göstərdiyini xüsusi qeyd edib.
Mürtəza
Gununsesi.info