Strasburqun yeni mövqeyi Azərbaycan üçün nə vəd edir? - Vəkil Cavad Cavadov danışır...

  • Müəllif: Orxan
  • 09 Oktyabr 2026 10:48

Qanunda nəzərdə tutulan vergi cəriməsi hər bir halda ədalətli və mütənasib sayıla bilərmi?

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının yeni məsləhət rəyi bu suala aydın hüquqi yanaşma ortaya qoyur.

Vəkil Cavad Cavadovun sözlərinə görə, cərimənin qanuna uyğun hesablanması onun konkret halda mütənasib olması demək deyil və bu mövqe Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır.

Vergi orqanının tətbiq etdiyi maliyyə sanksiyasının məbləği və hesablanma qaydası qanunda birbaşa nəzərdə tutulsa belə, bu, həmin cərimənin konkret halda avtomatik olaraq mütənasib və Avropa İnsan Hüquqları Konvensiyasına uyğun hesab edilməsi demək deyil.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının 29 sentyabr 2026-cı ildə qəbul etdiyi yeni məsləhət rəyi vergi və digər maliyyə sanksiyalarına yanaşmada məhz bu mühüm hüquqi məqamı ön plana çıxarıb.

Məsələni Gununsesi.info-ya şərh edən tanınmış vəkil Cavad Cavadov bildirib ki, Strasburq Məhkəməsinin bu hüquqi mövqeyi Azərbaycan üçün də ciddi praktik əhəmiyyət daşıyır və həm vergi orqanları, həm də inzibati məhkəmələr tərəfindən diqqətlə öyrənilməlidir.

Bu barədə Cavad Cavadov bildirib:

“Məncə, bu məsləhət rəyinin ən mühüm mesajı çox sadə, amma prinsipialdır: cərimənin qanunda yazılması hələ onun konkret halda mütənasib olması demək deyil. Biz praktikada çox vaxt başqa yanaşma görürük. Dövlət orqanı deyir ki, qanunda filan pozuntuya görə 50 faiz, 100 faiz və yaxud başqa həcmdə maliyyə sanksiyası nəzərdə tutulub, biz də həmin rəqəmi tətbiq etmişik. Bununla məsələ bitmiş hesab olunur. Strasburq isə deyir ki, məsələ bununla bitmir. Qanunla müəyyən edilmiş sanksiyanın tətbiqi nəticəsində şəxsin və ya sahibkarlıq subyektinin üzərinə konkret halda həddindən artıq ağır yük düşürsə, artıq mülkiyyət hüququ baxımından mütənasiblik məsələsi meydana çıxır”.

Vəkil xüsusi olaraq vurğulayıb ki, AİHM-in yeni mövqeyi vergi cərimələrinin və ya avtomatik maliyyə sanksiyalarının ümumiyyətlə yolverilməz hesab edilməsi kimi başa düşülməməlidir:

“Burada çox mühüm bir fərqi düzgün izah etmək lazımdır. Avropa Məhkəməsi demir ki, dövlət sabit faizlə cərimə müəyyən edə bilməz. Demir ki, məsələn, vergi pozuntusuna görə 50 faiz və ya 200 faiz maliyyə sanksiyası nəzərdə tutmaq özlüyündə Konvensiyaya ziddir. Dövlətin vergi intizamını təmin etmək, vergidən yayınmanın qarşısını almaq, fiskal sistemin normal fəaliyyətini qorumaq kimi legitim maraqları var. Bu sahədə dövlətlərə kifayət qədər geniş qiymətləndirmə sərbəstliyi də verilir. Amma Strasburqun dediyi budur ki, milli hüquq sistemi elə qurulmalıdır ki, avtomatik tətbiq olunan sanksiya konkret halda açıq-aşkar qeyri-mütənasib nəticəyə gətirib çıxarırsa, bunun qarşısını almaq mümkün olsun”.

Cavad Cavadov məsləhət rəyinin verilməsinə səbəb olan Ukrayna işinin faktlarının da diqqətçəkən olduğunu bildirib:

“İşdə yanacaq və alkoqollu içkilərin pərakəndə satışı ilə məşğul olan şirkət lisenziyanın əlavəsində göstərilməyən elektron kassa aparatından istifadə etməkdə ittiham olunmuşdu. Həmin kassa aparatının vergi orqanlarında qeydiyyatda olmasına baxmayaraq, lisenziyanın əlavəsinə müvafiq dəyişiklik vaxtında edilməmişdi. Pozuntuya görə şirkətə satılmış malların dəyərinin 200 faizi, yəni 63,8 milyon Ukrayna qrivnasından artı, yəni həmin dövrün məzənnəsi ilə təxminən 1,64 milyon avro maliyyə sanksiyası tətbiq edilmişdi. Burada maraqlı məqam odur ki, tətbiq edilmiş cərimə şirkətin balans aktivlərinin dəyərindən təxminən üç dəfə artıq olub. Milli məhkəmə də bunu nəzərə alaraq sanksiyanın sahibkarlıq subyektinin üzərinə həddindən artıq ağır yük qoyduğu qənaətinə gəlib. İş Ukrayna Ali Məhkəməsinə çatdıqdan sonra məsələ 16 saylı Protokol çərçivəsində Strasburqa çıxarılıb. Bu faktların özü göstərir ki, mübahisə sadəcə “qanunda 200 faiz yazılıb, tətbiq etdik” məsələsi deyil. Sual budur ki, həmin 200 faizin konkret sahibkara tətbiqi nə nəticə doğurur?”.

Cavad Cavadovun sözlərinə görə, Böyük Palatanın müəyyən etdiyi yanaşmada bir neçə amil xüsusi əhəmiyyət daşıyır:

“Məhkəmə ilk növbədə pozuntunun ağırlığı ilə cərimənin ağırlığı arasında münasibətə baxır. İkinci mühüm məsələ dövlətə faktiki zərərin olub-olmamasıdır. Təbii ki, zərərin olmaması avtomatik olaraq cərimənin ləğvi demək deyil. Çünki maliyyə sanksiyası yalnız dəymiş zərərin əvəzi deyil, həm də çəkindirici funksiyaya malik ola bilər. Amma dövlətə zərər dəyməyib, pozuntu formal xarakter daşıyıb, şəxs onu özü aradan qaldırıb, aldatmaq və ya vergidən yayınmaq niyyəti müəyyən edilməyib, buna baxmayaraq sanksiya həmin sahibkarın fəaliyyətini faktiki iflic edirsə, bütün bunların birlikdə qiymətləndirilməsi lazımdır.”

Vəkilin sözlərinə görə, şəxsin davranışı da əhəmiyyətli meyardır:

“Bir şeydir şəxs qəsdən dövriyyəni gizlədir, vergidən yayınır, saxta sənədlərdən istifadə edir. Tamamilə başqa şeydir texniki və ya formal səhvə yol verilir, bu səhv aradan qaldırılır, dövlətə real zərər dəymir. Əgər hüquq sistemi bu iki vəziyyətin hər ikisinə yalnız eyni riyazi formula ilə cavab verirsə, orada mütənasiblik problemi yarana bilər”.

Cavad Cavadovun fikrincə, rəyin ən vacib hüquqi incəliklərindən biri də budur ki, AİHM milli hakimə qanunda olmayan cərimə məbləğini özünün müəyyən etməsi hüququ verməyib:

“Bu hissə xüsusilə düzgün anlaşılmalıdır. Strasburq demir ki, əgər qanunda 50 faiz yazılıbsa, hakim bunu öz mülahizəsi ilə 10 faizə endirsin. Milli məhkəmənin belə səlahiyyəti varsa, bu, milli qanunvericilikdən irəli gəlməlidir. Konvensiya hakimə qanunvericinin yerinə keçərək yeni sanksiya yaratmaq səlahiyyəti vermir. Strasburqun tələbi başqadır: dövlətin hüquq sistemi bütövlükdə həddindən artıq və qeyri-mütənasib nəticənin qarşısını almağa imkan verməlidir. Bu, cərimənin diferensiallaşdırılması ilə də ola bilər, istisnaların müəyyən edilməsi ilə də, cərimənin ləğvinə imkan verən mexanizmlə də, yaxud başqa hüquqi vasitə ilə. Hansı modeli seçmək dövlətin işidir.”

Vəkil bildirib ki, məsələnin Azərbaycan üçün əhəmiyyəti yalnız nəzəri deyil:

“Bizim Vergi Məcəlləmizdə də faizlə və müəyyən hallarda faktiki olaraq avtomatik formula üzrə hesablanan maliyyə sanksiyaları mövcuddur. Məsələn, Vergi Məcəlləsinin 58-ci maddəsində müxtəlif pozuntular üzrə azaldılmış və ya yayındırılmış vergi məbləğinin müəyyən faizi, əməliyyat məbləğinin müəyyən faizi və digər formalarda maliyyə sanksiyaları nəzərdə tutulur. Mən demirəm ki, bunlar özlüyündə Konvensiyaya ziddir. Belə nəticə çıxarmaq düzgün olmaz. Amma yeni Strasburq yanaşmasından sonra başqa sualı verməliyik: bu cərimə konkret işdə hansı nəticəni doğurur və bizim hüquq sistemimiz açıq-aşkar qeyri-mütənasib nəticəni aradan qaldırmağa imkan verirmi?”.

Cavad Cavadov eyni zamanda da hesab edir ki, yeni hüquqi yanaşma ilk növbədə vergi orqanlarının və inzibati məhkəmələrin praktikasında nəzərə alınmalıdır:

“Bizdə bəzən dövlət orqanının mövqeyi çox formal olur: qanunda sanksiya nəzərdə tutulub, pozuntu var, deməli cərimə hesablanmalıdır. Amma hüquq yalnız riyazi hesablama deyil. Xüsusilə söhbət şəxsin mülkiyyət hüququna ciddi müdaxilədən gedirsə, nəticənin özü də qiymətləndirilməlidir. Mən hesab edirəm ki, Azərbaycanın dövlət qurumları Strasburqdan gələn bu yanaşmaya diqqət yetirməlidir. Çünki burada kifayət qədər aydın mesaj var: qanunvericinin cərimə müəyyən etmək səlahiyyəti genişdir, amma bu səlahiyyət mütənasiblik prinsipindən kənarda deyil.”

Vəkilin sözlərinə görə, bu, sahibkara güzəşt edilməsi kimi təqdim edilməməlidir:

“Vergidən yayınan şəxs məsuliyyətdən azad edilməlidir. Söhbət bundan getmir. Dövlətin vergi yığmaq, maliyyə intizamı yaratmaq və pozuntuların qarşısını almaq hüququ mübahisə edilmir. Söhbət ondan gedir ki, dövlətin legitim məqsədi ilə şəxsin üzərinə qoyulan yük arasında ədalətli balans olmalıdır. Cərimə çəkindirici ola bilər, amma dağıdıcı olmaq məcburiyyətində deyil”.

Cavadov həmçinin hesab edir ki, yeni məsləhət rəyi Azərbaycandakı vergi mübahisələrində də ciddi hüquqi arqument kimi istifadə edilə bilər:

“Mən ilk növbədə üç istiqamət görürəm. Birincisi, vergi orqanlarının maliyyə sanksiyalarından verilən şikayətlərdə mütənasiblik arqumentinin əsaslandırılması. İkincisi, qanunvericilikdəki avtomatik sanksiyaların Konstitusiya və Konvensiya standartları baxımından qiymətləndirilməsi. Üçüncüsü isə, bizim milli hüquqda qeyri-mütənasib nəticəni aradan qaldırmaq üçün real və effektiv müdafiə vasitəsinin olub-olmamasıdır. Məncə, bundan sonra inzibati məhkəmə yalnız “vergi orqanı faizi düzgün hesablayıbmı?” sualı ilə kifayətlənməməlidir. Konkret işin xüsusiyyətləri imkan verirsə, daha fundamental sual da qoyulmalıdır: bu müdaxilə şəxsin mülkiyyət hüququ ilə ictimai maraq arasında ədalətli balansı qoruyurmu?”.

Cavad Cavadov son olaraq onu da bildirib ki, məsləhət rəyindən çıxan əsas hüquqi nəticəni bir cümlə ilə belə ifadə etmək olar:

“Qanuni olmaq hələ mütənasib olmaq demək deyil. Dövlət orqanı qanunun hərfinə tam uyğun hərəkət edə bilər, amma həmin qanunun konkret şəxsə tətbiqinin nəticəsi Konvensiya baxımından yenə də sual doğura bilər. Məncə, bu yanaşma yalnız vergi hüququ üçün deyil. Ümumiyyətlə, sahibkarlıq subyektlərinə tətbiq edilən böyük maliyyə sanksiyalarında, inzibati cərimələrdə və mülkiyyətə ciddi müdaxilə yaradan digər tədbirlərdə bu prinsip getdikcə daha çox əhəmiyyət qazanacaq. Azərbaycan 16 saylı Protokolun iştirakçısıdır. Bizim Ali Məhkəməmiz və Konstitusiya Məhkəməmiz də müəyyən məsələlər üzrə Böyük Palatadan məsləhət rəyi istəyə bilər. Buna görə Strasburqda formalaşan bu hüquqi yanaşmaları yalnız xarici ölkələrin problemləri kimi qiymətləndirmək düzgün olmaz. Bu, bizim qanunvericilik və məhkəmə təcrübəmiz üçün də siqnaldır: cərimənin qanunda yazılması müzakirənin sonu deyil. Bəzən hüquqi qiymətləndirmə məhz həmin nöqtədən başlayır”.

Elmar

Gununsesi.info