Cavanşir Feyziyevdən Mirşahinə yubiley yazısı

  • By ilhame
  • 12 Noyabr 2023 10:35

Azərbaycanda ilk dəfə sovet televiziyonçuluq stereotiplərini dağıdan və milli televiziya tariximizdə ilk dəfə azad sözü, qərəzsiz yanaşmanı və obyektivş şərhi açıq şəkildə ekranlara gətirən peşəkar jurnalist Mirşahin Ağayevin 60 yaşı tamam olur.

60 ilin üçdə birini öyrənməyə, üçdə ikisini isə öyrətməyə həsr etmiş Mirşahin sözün əsl mənasında öz peşəsinin şahini kimi tanınıb. Uzun illər ərzində onu ANS TV- nin siması kimi tanıyan yüz minlərlə pərəstişkarı bu gün Mirşahini Real TV- də real vaxt rejimində və real hadisələrin içində izləyirlər. Yenə həmin şahindir: hadisələrə reaksiya sürəti şahin kimi iti, hədəfləri dəqiq, tənqidi kəskin, mübarizəsi amansız, vətən sevgisi isə sonsuz olan istedadlı söz sərrafı Mirşahin Ağayev.

Danışıq tərzi nə qədər mürəkkəb görünsə də həyat tərzi bir o qədər sadədir. Cəhalətə, nadanlığa və xəyanətə qarşı nə qədər amansız olsa da ədalətdə, sədaqətdə və həqiqəti dilə gətirməkdə bir o qədər səmimidir. Ən böyük mükafatı isə yüz minlərlə tamaşaçının ən gec saatlarda efirə gedəcək “Mirşahinin vaxtı”nı səbirsizliklə gözləməsidir.
Bütün dövrlərdə və bütün hallarda Mirşahinin bir həyat kredosu olub: öz xalqına, vətəninə, dövlətimizə və dövlətçiliyimizə təmənnasız xidmət.

Vətən də onun xidmətlərini yüksək qiymətləndirib. 60 illik yubileyi günündə Prezident İlham Əıiyev onu 1- ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edib.
Əziz dostum Mirşahini doğum günü və ən yüksək dövlət təltiflərindən birinə layiq görülməsi münasibətilə ürəkdən təbrik edir, peşəkar fəaliyyətində yeni və davamlı uğurlar, şəxsi həyatında isə xoşbəxtlik və səadət arzulayıram.

Hörmətlə, Cavanşir Feyziyev

Gununsesi.info