İyulun 15-də Bakı Apellyasiya Məhkəməsində “Qəbələ” futbol klubunun keçmiş kapitanı, telereportyor Rasim Əliyevin ölümünə görə həbs edilən Cavid Hüseynovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, hakim Həsən Əhmədovun sədrliyi ilə baxılan iclasda vəkili Adəm Məmmədov apellyasiya şikayətinə qismən məhkəmə istintaqı aparılmaqla baxılması, futbolçunun xəstəxanada Rasim Əliyevlə görüşü zamanı onların söhbətinin şahidi olmuş mərhumun qohumu Aydın Mahmudovun dindirilməsi barədə vəsatət qaldırıb:
“Aydın Mahmudov birinci instansiya məhkəməsində dindirilsə də, 10-15 dəqiqə ərzində dəfələrlə ifadələrini dəyişdi. Onun istintaqa ifadəsi ilə məhkəmədə dedikləri arasında kəskin ziddiyyətlər var”.
Məhkəmə vəsatəti təmin etməyib və apellyasiya şikayətinə istintaq aparılmadan, əlavə sübutlar araşdırılmadan baxılmasına qərar verilib.
Məhkəmə baxışı avqustun 12-nə təyin olunub.
Rasim Əliyev ötən il avqustun 8-də bir qrup şəxs tərəfindən döyülüb və 9-na keçən gecə 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Bu ölüm işi ilə əlaqədar Cavid Hüseynov da daxil olmaqla, 6 nəfər həbs edilib. İstintaqın sonunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən bədənə ağır xəsarət yetirmə ölümə səbəb olduqda) maddəsi ilə təqsirləndirilən beş nəfərin işi ayrılıb və onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 ildən 13 ilə qədər həbs cəzası alıb.
CM-nin 307.1-ci (ağır cinayətin hazırlanmasını və törədilməsini bilib xəbər verməmə) və 307.2-ci (ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilən Cavid Hüseynov isə Səbail Rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.