Cavid Paşayev Gömrük Hospitalına yerləşdirildi - YÜZLƏRLƏ XƏSTƏYƏ ŞƏFA VERƏN HƏKİMİN ÖZÜ EKMO CİHAZINA QOŞULDU

 

Koronavirusa yoluxan ATU-nunTədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin vəziyyəti pisləşib.

Gununsesi.org xəbər verir ki, Paşayevi Gömrük Hospitalına yerləşdiriblər.

ATU-nun Tədris Cərrahiyyə Klinikasından bildiriblər ki, C.Paşayevin KT müayinələrinin nəticəsində mənfi dinamika qeyd olunduğundan o, klinikanın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra Universitet rektorunun iştiraki ilə klinika rəhbərliyi arasında konsilium keçirilib. Aparılan konsiliumda vəziyyətə uyğun olaraq, ATU rektoru Gəray Gəraybəyli ilə Gömrük Tibb Xidməti İdarəsinin rəhbərliyi arasında aparılan danışıqlar əsasında, Cavid Paşayev müalicəninn daha effektli və daha sürətli aparılması üçün daha müasir avadanlıq, EKMO cihazının mövcudluğu nəzərə alınaraq Gömrük Xəstəxanasına yerləşdirilib. C.Paşayevin vəziyyəti hazırda stabil ağır olaraq qalır. Onun durumu, müalicə prosesi bilavasitə universitet rektoru və klinika rəhbərliyinin nəzarəti altlındadır.

Cavid Paşayev aprelin 1-dən etibarən ATU Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsində ən ağır koronaviruslu xəstələrin qulluğunda dayanıb, bu müddət ərzində yüzlərlə xəstənin həyatını xilas edib. C.Paşayev həm də daim maarifləndirmə işini aparıb, sosial şəbəkələrdəki hesabından insanlara qorunmağın vacib olduğunu yazıb. İşdən sonra digər xəstəxanalara köməyə gedən həkim C.Paşayev yoluxma sayının artdığı son dönəmdə daha gərgin işləyib və nəticədə özü də virusdan qoruna bilməyib.