Cavid Qurbanov “Stadler Rail Group” şirkətinin prezidenti ilə görüşdü

  • By admin
  • 02 Dekabr 2016 11:00

cavid-11

Dekabrın 2-də “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində İsveçrənin “Stadler Rail Group”  şirkətinin prezidenti Peter Şpuler ilə  görüş keçirilib.

 Gununsesi.info-nun məlumatına görə, görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov giriş sözü ilə çıxış edərək Azərbaycan Dəmir Yolunda həyata keçirilən layihələr, beynəlxalq və regional nəqliyyat dəhlizi layihələrinin  reallaşması istiqamətində görülən işlər haqqında ətraflı məlumat verib.

Tədbirdə gələcəkdə Bakı-Tbilisi-Qars marşrutu üzrə hərəkət edəcək qatarlar üçün “Stadler” şirkətinə sifariş olunmuş 30 ədəd yataq tipli vaqonun hazırlanmasının icra vəziyyəti müzakirə olunub. Onu da qeyd edək ki,  həmin vaqonlar “standart”, “komfort”, “biznes” və “restoran” olmaqla dörd kateqoriyada istehsal olunur.

İsveçrənin “Stadler Rail Group”  şirkətinin prezidenti Peter Şpuler  “Azərbaycan Dəmir Yolları” QSC-də bütün sahələrdə həyata keçirilən geniş miqyaslı islahatlardan  və əlaqələrin genişlənməsindən  məmnun qaldıqlarını bildirib.

Görüşdə ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi qərara alınıb.

Qeyd edək ki, Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İsveçrənin “Stadler Rail Group”  şirkəti ilə 2015-ci ildən əməkdaşlıq edir. “Stadler Rail Group”   şirkətindən “Minsk  Stadler” zavodunda istehsal olunan KİSS markalı beş ədəd ikimərtəbəli elektrik qatarı alınıb və Bakı-Sumqayıt-Bakı marşrutunda işləyir.

Hər biri 4 vaqondan ibarət olan elektrik qatarlarında  sərnişinlərin  yüksək keyfiyyətli ictimai nəqliyyata artan tələbatını ödəmək üçün hər cür şərait var. Qatarın ümumi sərnişin tutumu 919 nəfər, oturaq yerlərin sayı 396, bunun da 84-ü biznes-sinfinə aiddir.

Gununsesi.info