Cavid Qurbanov Türkiyənin yeni baş naziri ilə tanışlığından danışdı-MÜSAHİBƏ

Cavid Qurbanov Türkiyənin yeni baş naziri ilə tanışlığından danışdı

cccc

“Mən dostlarımın yaxın qonşu və dost ölkələrdə baş nazir postunda təmsil olunmalarına çox müsbət yanaşıram”

 

Gununsesi.info “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, millət vəkili  Cavid Qurbanov ilə müsahibəni təqdim edir:

– Cavid bəy, AKP-nin qurultayı necə keçdi, təəssüratlarınız necədir?

– Türkiyənin hakim partiyasının qurultayı çox yüksək səviyyədə keçdi. Çox möhtəşəm bir qurultay oldu. Təəssüratlarım həddən artıq yüksəkdir. Binəli Yıldırıma AKP-nin, AKP deputatlarının çox böyük sevgisinin olduğunu gördüm. 146 deputatdan 140-ı Binəli Yıldırımın baş nazir olmasına səs verdi. Qurultayda böyük bir coşğu var idi. AKP üzvlərinin seçimlərinin Türkiyəyə və AKP-yə daha böyük uğurlar gətirəcəyinə əminəm.

– Binəli Yıldırım uzun illər Türkiyənin nəqliyyat,  dənizçilik və kommunikasiya naziri işləyib. Onunla demək olar ki, həmkar olmusuz. Dostluq münasibətləriniz var?

– Binəli Yıldırımla bərabər işləmişik. Ailəvi dostluğumuz var. Binəli bəy Azərbaycana çox böyük sevgisi olan gözəl bir insandır. Şübhəsiz ki, Türkiyə Cümhuriyyəti Azərbaycanın yaxın dostudur. Cənab prezidentimizlə Türkiyənin cumhurbaşqanı arasında yaxın dostluq münasibətləri var. Binəli Yıldırımla da hörmətli prezidentimiz dostdurlar. Əsas bunlardır. Bütün bunlara görə əminəm ki, yeni baş nazirin gəlişi iki qardaş ölkə arasında əlaqələri daha da möhkəmləndirəcək. Türkiyə həmişə Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq.

“Qurultayda qonaqların təqdimatında sıra bizə çatanda kürsüdən bəyan edildi ki, burada can Azərbaycandan qonaqlarımız iştirak edir. Bu, Türkiyənin Azərbaycana olan sevgisinin göstəricisidir”

– Siz Azərbaycandan tək şəxs idiniz AKP qurultayında iştirak edirdiniz? Söhbət rəsmi şəxs olaraq iştirak gedir.

– Türkiyədə işgüzar səfərə gəlmişdim. İstanbula qurultayda iştirak üçün gəlməmişdim. Mən İstanbula gələndə Binəli Yıldırım nazir idi və onunla görüşüm oldu. Xahiş etdi AKP-nin qurultayında iştirak edim. Gördüm ki, vaxtım var, iştirak etdim. Məni özünün yanında otuzdurmuşdu. Çox sağ olsun. Bizi çox hörmətlə qarşıladılar. Qonaqların təqdimatında sıra bizə çatanda kürsüdən bəyan edildi ki, burada can Azərbaycandan qonaqlarımız iştirak edir. Bu, Türkiyənin Azərbaycana olan sevgisinin göstəricisidir. Onlar əksər vaxt can Azərbaycan deyirlər bizim ölkəyə. Bu da, bizə özəl münasibətin, sevginin, sayğının izharıdır.

– Cavid Qurbanovun yaxın dostu və həmkarı Türkiyə kimi böyük bir dövlətin baş naziri oldu. Bu hadisədən şəxsi və ümumi planda nə gözləyirsiniz?

– Burada nə var ki? Gürcüstanın nəqliyyat və infrastruktur naziri bu yaxınlarda baş nazir oldu. Onunla da yaxı dostuq. Mən dostlarımın yaxın qonşu və dost ölkələrdə baş nazir postunda təmsil olunmalarına çox müsbət yanaşıram. Amma əsas məsələ cənab prezidentimizin həmin ölkələrin rəhbərləri ilə dostluq, əməkdaşlıq münasibətlərinin yüksək olmasıdır.

 -Biz o baxımdan dostluq münasibətləri faktorunu qabartdıq ki, şəxsi münasibətlər dövlətlərarası münasibətlərdə çox ciddi rola malikdi.

“Almaniyanın nəhəng daşımaçılıq şirkəti DHL-in Çin üzrə rəhbərləri ilə görüşdüm, protokol imzaladıq. Şirkət beynəlxalq yüklərin müəyyən hissəsinin Azərbaycan üzərindən çatdırılmasını həyata keçirmək istəyir”

– Bilirsiniz ki, dövlətlərarası münasibətləri cənab prezident müəyyən edir. Biz sadəcə icraçılarıq.

Mən bu günlərdə İstanbulda görüşlər keçirdim. Həmin görüşlərdən biri də Almaniyanın nəhəng beynəlxalq daşımaçılıq şirkəti olan DHL-nin Çin üzrə rəhbərləri Stiven Hank və Kərəm İnanc ilə oldu. Onlarla protokol imzaladıq. İlkin razılaşmaya əsasən DHL tranzit yükləri Azərbaycan üzərindən daşısın. Bakıdan keçməklə Avropaya, Asiyaya, Rusiyaya və başqa yerlərə yüklər daşınsın. Bizim əsas məqsədimiz odur ki, Bakını bir mərkəzə çevirək, bütün yüklər Bakıya toplansın və burdan paylansın. Əsas məsələlərdən biri də Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin çəkilişinin başa çatdırılmasıdır. Bu, vaxtında gözəl düşünülmüş bir böyük siyasətdir. Bakı-Tbilisi-Qars layihəsi cənab prezident İlham Əliyevin Azərbaycana bəxş elədiyi çox böyük iqtisadi qan damarlarından olmaqla yanaşı, Azərbaycanın neftsiz inkişafının sütunlarından birinə çevriləcək. Biz bunun üzərində işləməliyik. Biz bu işi həyata keçirməliyik. Mən Rusiya Federasiyasının Dəmiryolları İdarəsinin vitse-prezidenti Pavel İvanovla görüşəndə o, dedi ki, bizim də gözümüz Bakı-Tbilisi-Qars dəmiryolu xəttindədir, buradan istifadə etmək istəyirik. Belə bir fikri ilk dəfə idi ki, ruslardan eşidirdik. Mən İvanova dedim ki, Azərbaycanla Ermənistanın daha bir fərqi ondadır ki, biz istəyirik Türkiyə ilə Rusiyanı dost edək, Ermənistan istəyir ki, Türkiyə ilə Rusiyanı düşmən etsin.

 

– Binəli Yıldırımın baş nazir olması Bakı-Tblisi-Qars dəmiryolu xəttinin çəkilişinin yekunlaşmasına bir təkan olacaqmı?

– Əlbəttə, yüz faiz olacaq. Çünki Binəli Yıldırım ilkindən olaraq bur məsələnin içindədir, bu işlərin həyata keçməsi işi ilə birbaşa məşğul olmuş adamdır. Ümumiyyətlə, Binəli Yıldırım əsl təsərrüfat adamı, gözəl təşkilatçıdır.

“Rusiya Dəmiryolları İdarəsinin vitse-prezidenti Pavel İvanov mənə dedi ki, bizim də gözümüz Bakı-Tbilisi-Qars dəmiryolu xəttindədir, buradan istifadə etmək istəyirik”

– Elə biz də bu məsələyə gəlmək istəyirdik. Əhməd Davudoğlu təsərrüfat adamı deyildi, ideoloji bir şəxs idi. İdeoloji baş nazirin təsərrüfatçı bir baş nazirlə əvəz edilməsi Türkiyə iqtisadiyyatına sizcə nə verəcək?

– Türkiyənin onsuz da xarici və daxili siyasətini preziden Rəcəb Tayyib Ərdoğan aparır, müəyyən edir. İqtisadiyyatın inkişafı üçün isə təsərrüfatçı bir şəxsin baş nazir olması hesab edirəm ki, daha sərfəlidir.

– Yəni baş nazir postu siyasi postdan daha çox iqtisadi, təsərrüfat postuna çevrilir?

– Bunu dəqiq deyə bilmərəm. Sadəcə bir faktı söyləyə bilərəm ki, Binəli Yıldırım qurultayda çıxışında Konstitusiya dəyişikliyi və ölkənin prezident üsul-idarəçiliyinə keçməsinə çalışacağını dedi. Necə olacağını isə zaman göstərəcək. (musavat.com)

COMMENTS