Çayçılığın inkişafı üçün 10.7 milyon manatlıq kredit ayrılıb

  • By admin
  • 29 Sentyabr 2017 16:46

6

2017-ci ilin ötən dövrü ərzində 1154 sahibkarlıq subyektinin investisiya layihələrinin maliyyələşdirilməsinə 90,4 milyon manat güzəştli kredit verilib.

Gununsesi.info xəbər verir ki, bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun Lənkəranda Darquba kəndində keçirdiyi forumda bu haqda bildirilib.

İşgüzar forum çərçivəsində Lənkəran rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan cins heyvandarlıq, çəltikçilik, sitrus bağçılıq və çayçılıq təsərrüfatlarının, çəltik və çay emalı müəssisələrinin, sitrus meyvələrinin saxlanılması üçün logistik mərkəzin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin güzəştli kreditlər hesabına maliyyələşdiriləcəyi bildirilib.

Forumda çıxış edən Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktorunun müavini Arif Vəliməmmədov qeyd edib ki, Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlara 460 min manat güzəştli kredit verilib. Bu kreditlər əsasən, heyvandarlıq, əkinçilik, quşçuluq, tekstil məmulatlarının istehsalı, turizm sahələrinin inkişafına yönəldiləcək və 50-ə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.

Forum çərçivəsində Lənkəranda güzəştli kredit ayrılmış çayçılıq və sitrus bağçılıq təsərrüfatlarına baxış keçirilib.

Ümumilikdə indiyədək, çayçılığın inkişafı ilə bağlı 14 sahibkara 10,7 milyon manat, sitrus bağlarının yaradılması üçün isə 40-dək sahibkara 1,7 milyon manat güzəştli kredit verilib.

Vüsalə

Gununsesi.info