Çayçılıq sahəsində mütərəqqi sığorta mexanizmi yaradılacaq

  • By admin
  • 12 Fevral 2018 19:20


2019-cu ilədək çayçılıq sahəsində mütərəqqi sığorta mexanizmi yaradılacaq.

“Report” xəbər verir ki, bu, çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında nəzərdə tutulub.

Tədbirlər Planının bu bəndini Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası icra edəcək.

Eyni zamanda Tədbirlər Planına əsasən, çayçılıq sahəsində fəaliyyəti tənzimləyən normativ hüquqi baza təkmilləşdirilməli, standartlar beynəlxalq tələblərə uyğunlaşdırılmalı, çay istehsalı və emalı sahəsində keyfiyyətə nəzarətin təkmilləşdirilməsi və daxili bazarın qorunması üçün təkliflər hazırlanmalı, çayçılıq sahəsində fəaliyyət göstərən kiçik ailə kəndli və fermer təsərrüfatlarının könüllülük əsasında kooperasiyası təşviq edilməli, çayçılıq sahəsində mütərəqqi təcrübəsi olan xarici şirkətlərlə əlaqələrin genişləndirilməsi dəstəklənməlidir.

Həmçinin çayçılıq sahəsində elmi təminatın və kadr potensialının gücləndirilməsi, çayçılığın infrastruktur təminatının yaxşılaşdırılması, bu sahədə dövlət dəstəyi tədbirləri, marketinq fəaliyyətinin gücləndirilməsi və ixracın təşviqi kimi məsələlər də nəzərdə tutulub.

Qeyd edək ki, Prezident İlham Əliyev fevralın 12-də “Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb.

Gununsesi.info