Rayonlarda yağmurlu hava şəraitindən sonra respublika çaylarında sululuq səviyyəsi ilə bağlı son 10 gün üzrə keçirilən monitorinqin nəticələri açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Gununsesi.info-ya verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 130-180, Lənkəran-Astara bölgəsi çaylarında 100-190, Naxçıvan MR çaylarında isə 170 faizini təşkil edir.
Tranzit çaylarda hazırki vəziyyətə gəlincə, son nəticəyə görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 178 m3/s olmaqla ongünlük normanın 96 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm 215 m3/s olmaqla ongünlük normanın 116 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Hazırda məntəqədə su sərfi 42 m3/s olmaqla, ongünlük normanın 52 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici 81 m3/s təşkil edərək ongünlük normanın 100 faizinə bərabər olub.
Kür çayının aşağı axınında vəziyyətə gəlincə, son nəticəyə görə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik olunmayıb. Belə ki, Kür çayının Şirvan məntəqəsində 6 sm artım, Bankədə 14 sm azalma qeydə alınıb, lakin Surrada, Salyanda və Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.
Hazırda Surra məntəqəsində suyun səviyyəsi 369 m (2016-cı il noyabrın 24-də 471 sm), Şirvanda 251 sm, Salyanda 208 sm (2016-cı il noyabrın 24-də 303 sm), Bankədə 199 sm (2016-cı il noyabrın 24-də 239 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 sm (2016-cı il noyabrın 24-də 165 sm) təşkil edir.
Gununsesi.info