Çexiya Azərbaycan iqtisadiyyatına 1,3 milyard dollar həcmində investisiya yatırıb - Nazir

  • By admin
  • 17 Yanvar 2017 16:11
sahin-cex
Azərbaycanda çex kapitallı 19 şirkət fəaliyyət göstərir və indiyədək Çexiya tərəfindən ölkəmizə əsas kapitala 1,3 mlrd. dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 mlrd. manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər”.

Gununsesi.info xəbər verir ki, bunu İqtisadiyyat naziri Şahin Mustafayev bu gün  Bakı Biznes Mərkəzində  keçirilən  Azərbaycan-Çexiya biznes forumunda deyib.
Biznes forumda kənd təsərrüfatı, qida sənayesi, maliyyə, sığorta, energetika, logistika, tikinti, neft-kimya, maşınqayırma, şüşə istehsalı və digər sahələrdə fəaliyyət göstərən 160-dan çox iş adamı iştirak edib.
Biznes forumda çıxış edən iqtisadiyyat naziri Azərbaycan-Çexiya siyasi əlaqələrinin yüksək səviyyədə olduğunu, əməkdaşlığın uğurla inkişaf etdiyini, ölkələrimiz arasında səmimi dostluq münasibətlərini vurğulayıb.
Bildirilib ki, Azərbaycan və Çexiya iş adamlarının iştirakı ilə belə tədbirlər hər il keçirilir və bu sayca 7-ci işgüzar tədbirdir:
“Bugünkü biznes forumda çox sayda iş adamının iştirak etməsi əməkdaşlığn genişləndirilməsinə göstərilən maraqdan xəbər verir. Azərbaycanda çex kapitallı 19 şirkət fəaliyyət göstərir və indiyədək Çexiya tərəfindən ölkəmizə əsas kapitala 1,3 mlrd. dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 mlrd. manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər”.
Nazir ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial olduğunu dilə gətirərək deyib ki, Azərbaycan qeyri-neft sektoru sahəsində Çexiya ilə ticarət dövriyyəsinin artırılmasında maraqlıdır.
Nazir bu günkü biznes forumun başlıca məqsədlərindən birinin məhz ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi məsələlərinin müzakirəsi olduğunu qeyd edib, Azərbaycanın kənd təsərrüfatı (meyvə-tərəvəz, çay, fındıq və s.), şərab və şərabçılıq məhsullarının, sənaye məhsullarının Çexiyaya ixracı imkanlarını diqqətə çatdırıb.
Qeyd edilib ki, Azərbaycan iş adamlarının marağı olacağı təqdirdə Çexiyaya ixrac missiyası təşkil oluna bilər.
Bundan başqa, kənd təsərüfatı məhsullarının istehsalı və emalı, sənaye, turizm sahələrində də əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Vurğulanıb ki, Çex şirkətləri Azərbaycandakı sənaye parklarında və aqroparklarda yaradılmış əlverişli imkanlardan yararlanmaqla, ölkəmizə investisiya yatıra, ölkəmizin nəqliyyat və tranzit imkanlarından istifadə edə bilərlər.

Toprlantıda çıxış edən Çexiyanın Sənaye və Ticarət naziri Yan Mladek ölkələrimizin strateji tərəfdaşlar olduğunu, əlaqələrimizin inkişaf etdiyini vurğulayıb. Çexiyanın iqtisadiyyatı və Azərbaycan-Çexiya iqtisadi əlaqələri barədə məlumat verən Yan Mladek qeyd edib ki, Azərbaycan Çexiya ilə neft sektoru ilə yanaşı, qeyri-neft sektoru sahəsində də əməkdaşlıq edir və bu sahədə əlaqələrin genişləndirilməsində maraqlıdır. Çexiyalı nazir ölkəsinin infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə, təhsil, enerji, texnologiyalar sahəsində Azərbaycanla əlaqələrinin inkişafına maraq göstərdiyini diqqətə çatdırıb.

Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycanın biznes və investisiya imkanları, Çexiya Ticarət və Sənaye Palatasının MDB ölkələri üzrə icraçı direktoru Frantişek Masopust Çexiya şirkətlərinin fəaliyyəti i barədə məlumat veriblər.

Biznes forum iş adamları arasında əlaqələrin genişdirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilib.
Mürtəza
Gununsesi.info