Tanınmış telejurnalist Ceyhun Rzayev bu gün saat 11-də intihar edəcəyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. Bundan sonra Daxili İşlər Nazirliyinin əməkdaşları məsələyə müdaxilə ediblər.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat yayıb.
O qeyd edib ki, telejurnalist Ceyhun Rzayevin intihar fikrindən daşındırılıb və polis orqanına dəvət edilib:
“Onu narahat edən hallar (ailə məsələsidir) araşdırılır. Zəruri olan tədbirlərin görülməsi təmin ediləcəkdir”.
10:05
ATV-nin jurnalisti Ceyhun Rzayev intihar edəcəyini elan edib.
Gununsesi.info xəbər verir ki, tanınmış idman jurnalisti ailə münaqişəsi səbəbindən həyatına son qoyacağını deyib: “Bu gün saat 11:00-da intihar edəcəyəm. İntihar anonsu verən hər bir şəxs, əslində xilas olmağı ümid edir. Amma mənim məqsədim başqadır. Televiziya və internet kanalları gəlib məni çəksinlər.
İstəyirəm bütün Azərbaycan bunu görsün. Bəlkə bundan sonra məhkəmə hakimləri analoji qərar verərkən məni xatırlayıb fikirlərindən dönərlər. Bəlkə bundan sonra Ədliyyə Nazirliyinin icra məmurları belə həssas qərarları icra etmək üçün canfəşanlıq göstərməzlər. Mən bədbəxt oldum, başqalarını bədbəxt etməsinlər”.
C.Rzayev ünvan olaraq Nəsimi rayonu, Kaveroçkin küçəsi 8 ünvanındakı binanı göstərib.
Artıq hadisə yerinə polis əməkdaşları və xilasedicilər gəlib.