Çinə məxsus kosmik stansiya atmosferdə yandı - QALIQLARI SAKİT OKEANA DÜŞDÜ

  • By admin
  • 02 Aprel 2018 11:48

Çin Xalq Respublikasının “Tiangong-1” (“Səma sarayı”) kosmik stansiyası bu gecə Bakı vaxtı ilə 3.15-də atmosferə girərək yanıb.

Gununsesi.info xəbər verir ki, stansiyanın atmosferin qalın qatlarında yanmamış qalıqları Sakit Okeandakı Taiti arxipelaqının sahillərinin yaxınlığına düşüb.

Rəsmi Pekin 2016-cı ildə “Tiangong-1” ilə əlaqəni itirdiyini və onun hərəkətinə nəzarət edə bilmədiyini bəyan etmişdi.

Uzunluğu 12 metr, diametri 3,3 metr, çəkisi 8506 kq olan stansiya Çinin ambisioz kosmik proqramının bir hissəsi idi. “Tiangong-1” Çinin 2022-ci ildə kosmosa buraxmağa hazırlaşdığı stansiyanın prototipi sayılırdı.

2011-ci ilin sentyabrın 29-da kosmosa buraxılmış “Tiangong-1” 2016-cı ilin martında tamamən sıradan çıxmışdı.

“Tiangong-1” stansiyasında Çinin “taykonavt” adlandırılan 6 astronavtı olub və bu stansiyaya ikisi pilotlu olan 3 ekspedisiya gerçəkləşdirilib. 2012-ci ildə bu stansiyada Çinin ilk qadın astronavtı Lyu Yan da çalışmışdı.

Gununsesi.info