Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin dinləmələrində Çinin 2024-cü il ABŞ seçkilərinə təsir etmək üçün sosial media tətbiqi TikTok istifadə edə biləcəyi iddia edilib.
Gununsesi.info-nun xəbərinə görə, Milli Kəşfiyyatın direktoru Avril Haynes Nümayəndələr Palatasının kəşfiyyat komitəsinin dinləmələrində bildirib ki, Çin 2024-cü il ABŞ seçkilərinə təsir etmək üçün sosial media tətbiqi TikTok-dan istifadə edə bilər.
Çin Kommunist Partiyasının (ÇKP) seçkilərə təsir etmək üçün TikTok-dan istifadə edib-etməyəcəyi sualına Haynes “ÇKP-nin bundan istifadə edəcəyini istisna edə bilmərik” deyə cavab verib.
Qanunvericilər uzun müddətdir ki, Çin hökumətinin ABŞ-da siyasi parçalanmaları artıracaq məzmun paylaşaraq istifadəçi məlumatlarına daxil ola biləcəyi və ya insanlara təsir göstərə biləcəyi ilə bağlı narahatlıqlarını dilə gətiriblər.
Keçən həftə ABŞ Konqresinə TikTok-un çinli sahibi olan “ByteDance”ə 170 milyon amerikalının istifadə etdiyi proqramı satmaq üçün altı ay vaxt verən qanun layihəsi təqdim edilib.
Bu gün keçirilən səsvermədə parlament üzvlərinin üçdə ikisi qanunun qəbulu üçün lehinə səs verməlidir.
ABŞ-dakı istifadəçi məlumatlarını Çin hökuməti ilə paylaşmadığını və paylaşmayacağını söyləyən TikTok qanun layihəsinin “qadağa” olduğunu iddia edir.
ABŞ prezidenti Co Bayden keçən həftə qanun layihəsinin parlamentdən keçəcəyi təqdirdə onu imzalayacağını bildirib.
Bazar ertəsi günü açıqlanan ABŞ Kəşfiyyat Birliyinin 2024-cü il təhdid qiymətləndirməsi göstərir ki, Çin hökumətinin təbliğat qolu tərəfindən idarə olunan TikTok hesabları 2022-ci il ABŞ aralıq seçkiləri zamanı hər iki siyasi partiyanın namizədlərini hədəf alır.
Həmçinin parlament iclasında çıxış edən Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey TikTok-un milli təhlükəsizliyə təhdid yaratdığı ilə bağlı qiymətləndirməsini təkrarlayıb.
Gununsesi.info