Çin ABŞ-dan Baş Konsulluğunun bağlanmasını istədi

Çinin Xarici İşlər Nazirliyi ABŞ-dan Çendu şəhərində yerləşən Baş Konsulluğunun bağlanmasını tələb edir.

Gununsesi.orgbildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin cümə günü yaydığı bəyanatda deyilir.

Sənəddə vurğulanır ki, ABŞ iyulun 21-də “birtərəfli qaydada təxribat həyata keçirib”, Hyustondakı Çin Baş Konsulluğunun bağlanmasını Çindən “kəskin şəkildə tələb edib”:

“ABŞ-ın bu addımı beynəlxalq hüququn, beynəlxalq münasibətlərin əsas prinsiplərinin və konsulluq müqaviləsinin ciddi şəkildə pozulmasıdır… Çin tərəfindən görülən tədbirlər ABŞ-ın haqsız hərəkətlərinə qanuni və zəruri cavabdır”.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Çinin Hyustondakı Baş Konsulluğunun 72 saat ərzində bağlanmasını tələb etmişdi.

“Associated Press” ABŞ prezident administrasiyasının nümayəndəsinə istinadən daha əvvəl bildirmişdi ki, Vaşinqton Çin hökumətinin mümkün qisas almasının qarşısını almaq üçün Uhandakı ABŞ konsulluğunu açmamaq qərarına gəlmişdi. ABŞ-ın Uhandakı ofisinin fəaliyyəti yanvar ayında yeni koronavirusun yayılmasına görə dayandırılmışdı.

Gununsesi.org