Həmişəyaşıl kol və ağac olan kameliya gözəl çiçəklər açan dekorativ bitkidir, parlaq və tünd-yaşıl yarpaqlara malikdir. Onun ən gözəl dövrü çiçək vaxtıdır. Çiçəkləmə dövrü payızdan yaza qədər çəkir. Kameliyanın 80-ə yaxın növü məlimdiur. Soyuq iqlim qurşağına malik ərazilərdə onu ev şəraitində də yetişdirmək mümkündür.
Gununsesi.info xəbər verir ki, lap qədim dövrlərdən onu Şərq ölkələrində də becərirlər. Vətəni Yaponiya, Çin və Vyetnam hesab edilir. Əsasən sahil yaxınlığında və dağətəyi meşələrdə bitir. Onun haqqında ilk rəsmi məlumat 1725-ci ildə verilib. Həmin ərəfədə Çin imperatorlarından biri kameliyadan hazırlanan cövhəri özünün ən sevimli içkisi elan etmişdi.
Bitkidən hazırlanan dəmləmə sevilə-sevilə içilir, çünki kameliya qara çayla yaxın “qohumdur”. Əslində yapon kameliyası dekorativ, Çin kameliyası isə çay bitkisidir. Onun çaykimilər fəsiləsinə aid edilməsi də bununla əlaqədardır.
Yapon kameliyası Avropaya XVIII əsrdə gətirilib, artıq XIX əsrdə Avropada saluen kameliyası becərilirdi. Kameliya asidofil bitkidir, yəni istənilən turş torpağı sevir. Onun yaxşı çiçəkləməsi üçün düzgün qrunt və işıqlandırma seçilməlidir. Bitkini evin ən sərin yerində, məsələn, eyvan və ya dəhlizdə yerləşdirmək və yağış suyu ilə sulamaq lazımdır.
Hazırda kameliya tibb və farmakologiyada da tətbiq edilir. Onun yarpaqlarından alınan efir yağları tonuslandırıcı, anesteziyaedici və antiseptik təsirlərə malikdir.
Gununsesi.info