“Çinarənin az müddətdə tanınması, məhz gözəl, cilalanmış səsinin sayəsindədir” - MƏNSUM İBRAHİMOV - FOTOLAR

  • By admin
  • 21 Dekabr 2016 16:25

cinare2

“Çinarə Məlikzadə kimi gənc müğənnilərə dəstək olmaq lazımdır ki, sənət yolunda büdrəməsinlər”

Azərbaycan musiqi mədəniyyətində yeni ulduz doğub.

Gununsesi.info-nun xəbərinə görə, özünəməxsus ifa tərzi ilə sosial şəbəkələrdə məşhurlaşan Çinarə Məlikzadə  dekabrın 21-də  ilk klipinin təqdimat mərasimini keçirib.

 Azərbaycan musiqi mədəniyyətinin korifeylərindən Azərbaycanın xalq artisti Şövkət Ələkbərovanın repertuarına müraciət edən gənc müğənni bəstəkar Elza İbrahimovanın “Gedək üzü küləyə” bəstəsini özünəməxsus tərzdə ifa edib. Mahniya yeni nəfəs qatan Çinarə Məlikzadə qeyd edib ki,  mahnı seçiminin məsuliyyətini dərk edərək müraciət etdiyi bəstəni klipləşdirərkən, hədsiz həyəcan keçirib. Sadə və  mimik hərəkətlərlə müşaiyət edilən klip izləyicilərin alqışlarıyla qarşılanıb.

Klipin yaradıcı heyətiin üzvləri, eləcə də rejissor Ərtoğrul Kamalov alqışlarla qarşılanan klipin ərəsəyə gəlməsindən danışıb.

Tədbirdə çıxış edən  gənc müğənninin müəllimi, xalq artisti Mənsum İbrahimov qeyd edib ki, Çinarə Məlikzadənin ifası püxtələşdikcə, tamaşaçı rəğbətini özündə qoruyub saxlayacaq: “Çinarə 7 ildir ki tələbəmdir. Onun səsi bulaq suyu kimi şaqraq, saf,  büllür kimidir. İnanıram ki, Çinarə daha böyük uğurlara imza atacaq. Onun az müddətdə tanınması, məhz gözəl, cilalanmış səsinin sayəsindədir. Çinarənin daha böyük uğurlara imza atacağı zaman uzaq deyil”- deyə, o, bildirib.

 Azərbaycan musiqisində və eləcə də gənc istedadların yetişdirilməsində  xüsusi rolu olan, Əməkdar artist, xalq və bəstəkar mahnılarının mahir ifaçısı Aybəniz Haşımova çıxışında gənc müğənni Çinarə Məlikzadə haqqıında xoş sözlər söyləyib. Sevimli müğənni qeyd edib ki, Çinarə  şou aləmindəki bəzilərindən  fərqli olaraq, sənətə gözəl səsiylə gəlib:

“Düşünürəm ki, Azərbaycan musiqi mədəniyyətində Çinarə Məlikzadə kimi gənc müğənnilərə dəstək olmaq lazımdır ki, sənət yolunda büdrəməsinlər”.

Əməkdar artist gənc müğənniyə sənət yolunda uğurlar arzulayıb.

Klipin təqdimatında gənc müğənniyə dəstək üçün tədbirə qatılan  müəlliməsi Esmiraldo Hüseynova, bəstəkar Sevinc Tofiqqızı və şou-biznesin digər nümayəndələri, eləcə də valideynləri  gənc müğənnin ifası  haqqında ürək sözlərini bölüşüblər.

Qeyd edək ki, Çinarə Məlikzadə, 1990-cı il oktyabrın 11-də Bakıda anadan olub. Musiqiyə marağı kiçik yaşlarından yaranıb. Uşaqlıqda xalq artisti Oqtay Zülfüqarovdan dərslər alıb. 5 illik musiqi məktəbinin fortepiano sinfini bitirib. Ailəsində musiqiçi yoxdur. Bir çox müsabiqələrdə –  “Pöhrə”, “Yeni ulduz” ən son “O Ses Türkiye” müsabiqəsində iştirak edib. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Estrada aktyoru” fakültəsində təhsil alıb.

 Xatırladaq ki, Çinarə Məlikzadə Türkiyənin tanınmış müğənni Rafet El Romanın Bakıda baş tutan konsertində onunla duet oxuyub.

Rafet El Roman həmyerlimizlə birlikdə “Son məktub”, “Sil başdan”, “Ayrılıq”, “Gedək üzü küləyə” mahnılarını səsləndirib.

Qeyd edək ki, Çinarə Məlikzadə “O səs Türkiyə” yarışmasının iştirakçısı olub.

cinare3

cinare1

cinare

Mətin Mirzəyev

Gununsesi.info