Cinayət barəsində xəbər verməmə və ya qabaqcadan vəd etmədən cinayəti gizlətmə ilə əlaqədar tətbiq edilən cərimələrin miqdarı artırılır. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə edilərək Milli Məclisə tövsiyə olunan Cinayət Məcəlləsinə dəyişikliklərlə bağlı qanun layihəsində əksini tapıb.
Gununsesi.info-nun musavat.com-a istinadən verdiyi məlumata görə, Cinayət Məcəlləsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə 500 manatdan 1000 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Layihədə bu halda 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma təklif edilir.
Qüvvədə olan qanuna əsasən qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə 2 min manatdan 5 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Layihədə bu halda 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırma nəzərdə tutulur. Cinayət hallarının qarşısını almaq, bəzi cinayətlərin üzə çıxarılmasına olan maneələri aradan qaldırmaq üçün qanun layihəsinin hazırlandığı deyilir. Bəs, yeni cəzalar cinayətlərn azalmasına gətirəcəkmi?
Deputat, hüquqşünas Fazil Mustafa hesab edir ki, burada söhbət bir çox cinayətlərin gizlədilməsi və müəyyən şəxslərin cinayətlərdə rol almalarına baxmayaraq, məsuliyyətdən kənarda qalmalarından gedir: “Bu halların qarşısını almaq üçün qanunlar sərtləşdirilir. Hesab edirəm ki, cinayətlərin açılmasında daha çox peşəkarlıq nöqteyi-nəzərindən əsas fəaliyyətlərə diqqət yetirilməsi vacibdir. Çünki bir çox hallarda peşəkarlığın yetərincə olmaması cinayətlərin vaxtında üstünün açılmasına mane olur. Hər halda qanunların bu şəkildə sərtləşdirilməsi cinayəti bilib gizlədənlərin məlumat vermələri ilə nəticələnməyəcək. Çünki burada söhbət müəyyən maraqlardan, hədə-qorxulardan gedir. Bundan əvvəl diqqət yetirsəniz görərsiniz ki, cinayəti bilən insanların həyatlarını itirmələri kimi hallar az deyil. Bu baxımdan bu məsələdə cəzaları sərtləşdirmədən daha çox peşəkarlığa diqqətin ayrılması daha çox vacibdir. Görünür statistikada daha çox cinayətlərin ortaya çıxmaması göründüyünə görə, belə bir yol seçilir. Ola bilsin ki, bunun haqlı tərəfləri də var”.
Tanınmış vəkil Əsabəli Mustafayev bildirdi ki, bu qərar kriminal məsələlərdə yeni tendensiyadır: “Bundan sonra düşünürəm ki, azadlıqdan məhrumetmədən daha çox cərimələr tətbiq olunmağa başlayacaq. Çünki bilirsiniz ki, ölkə başçısının cəzaların yumşaldılması barədə fərmanı var. Mənə elə gəlir ki, yeni layihələr həmin fərmana uyğun nəzərdə tutulacaq. Bütün bunlar dünyada tətbiq olunan metodlardır. Azərbaycan həbsxanada olan məhbusların sayına görə Avropanın qabaqcıl ölkələrindən biridir. Ola bilər ki, bu amilləri nəzərə alan hökumət həbsxanalarda məhbusların sayının azaldılması yolunu tutub. Ona görə cərimələr daha çox artırılır ki, bundan sonra bu metoddan istifadə edilsin. Bu layihələr ona yönəldilib. Doğrudur, azadlıqdan məhrumetmə cəzasının tətbiqi də nəzərdə tutulur, amma bu o qədər də böyük önəm daşımır. Bundan sonra cəza metodunda cərimələrdən daha çox istifadə olunacağı gözləniləndir”.
Gununsesi.info