
Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə sahəsində növbəti uğurlu əməliyyat tədbirləri həyata keçirib. Nəticədə odlu silah-sursatın və küllli miqdarda narkotik vasitələrin qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, Zəngilan Rayon Polis Şöbəsinə (RPŞ) Şirvan şəhər sakinləri Cabbar Umudov və Kamil Cəfərovda külli miqdarda narkotik vasitə olması barədə əməliyyat məlumatı daxil olub. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Zəngilan RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş C.Umudov və K.Cəfərov 1 kiloqram çəkidə narkotik vasitə olan heroini 10000 manata satmaq istəyən zaman saxlanılıblar. Zəngilan RPŞ daxil olan növbəti əməliyyat məlumatı əsasında daha bir əməliyyat-axtarış tədbiri isə Lənkəran şəhəri ərazisində həyata keçirilib. Lənkəran Şəhər Rayon Polis Şöbəsi (ŞRPŞ) və Zəngilan RPŞ əməkdaşlarının birgə həyata keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq “Makarov” tipli tapança və həmin silaha məxsus bir ədəd sandıqça gəzdirən Astara rayon sakini Mahir Məmmədov saxlanılıb. Əməliyyat tədbirlərinin davamı olaraq M.Məmmədova həmin silah və döyüş sursatını verən həmyerlisi Şücaət Hacızadə də saxlanılaraq məsuliyyətə cəlb olunub.
Qeyd edilən faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gununsesi.info