Çində 6,2 bal gücündə zəlzələ: Ölənlərin sayı 100-ü keçdi

  • By admin
  • 19 Dekabr 2023 09:41

Çinin şimal-qərbindəki Qansu əyalətində baş verən 6,2 bal gücündə zəlzələdə ilkin məlumatlara görə, 111 nəfər həyatını itirib.

Gununsesi.info bildirir ki, Çinin “Sinxua” agentliyinin xəbərinə görə, ötən gecə gecə yarısına bir dəqiqə qalmış 6,2 bal gücündə zəlzələ baş verib, episentri Çişişan Baoan Donsyan və Salar Muxtar Dairəsində olub.

İlkin hesablamalara görə, Qansu əyalətində zəlzələ nəticəsində 100 nəfər, qonşu Çinxay əyalətində isə 11 nəfər ölüb.

İki əyalətin sərhədinə yaxın bir bölgədə baş verən zəlzələdə Qansuda 96, Çinhayda isə 124 nəfər yaralanıb. Bundan başqa, ətraf yaşayış məntəqələrində su və elektrik şəbəkələrinə, nəqliyyat infrastrukturuna və kommunikasiya şəbəkələrinə ziyan dəyib.

Xilasetmə işləri üçün bölgəyə yerli yanğınsöndürmə briqadası və təbii fəlakət bölmələrindən 580 nəfərlik qrup göndərilib.

Çin lideri Si Cinpin təcili axtarış-xilasetmə işlərinə çağırıb və zəlzələdən zərər çəkmiş vətəndaşların həyat və mallarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsinə göstəriş verib.

Hadisə şahidləri bildirirlər ki, zəlzələdən sonra rayonda bir çox evlərə, yollara və infrastruktura ziyan dəyib, rayonun bir çox kəndlərində işıq və su təchizatında fasilələr yaranıb.

Yerli meteoroloji qurumlar bu gün bölgədə temperaturun mənfi 10 dərəcəyə enəcəyini proqnozlaşdırır.

Himalay dağlarının uzantısında geniş qırılma xəttində yerləşən bölgə Çində güclü zəlzələlərin tez-tez baş verdiyi yerlərdən biridir.

2022-ci ilin sentyabrında bölgənin cənubundakı Sıçuan əyalətində baş vermiş 6,8 bal gücündə zəlzələdə ən azı 93 nəfərin öldüyü bildirilib.

2008-ci ildə Siçuan əyalətində baş verən 7,9 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olmuş və 90 minə yaxın insan həyatını itirmişdi.

Gununsesi.info