Çində koronavirus səbəbilə tətbiq edilən sərt karantin tədbirləri Şanxayda ciddi problemlərə yol açıb.
Gununsesi.info xəbər verir ki, 26 milyon insanın yaşadığı şəhərdə hökumət sərt karantin tədbirlərinə əl atıb və buna görə də aclıq problemi yaşanır.
Ərzaq qıtlığının yaşandığı şəhərdə sakinlər pəncərələrdən qışqıraraq, ərzaq tələb edir. Şəhər sakinləri lazımi ərzaq təminatı olmadığı üçün evlərinin pəncərəsindən qışqıraraq səslərini səlahiyyətlilərə çatdırmağa çalışıblar. İddialara görə, Şanxayda sakinlər gündə yalnız bir dəfə qidalana bilir. Bundan əlavə, bildirilib ki, karantindən əvvəlki dövrlə müqayisədə ərzaq çatdırılması qiymətləri 10 dəfəyə qədər artıb.
Səlahiyyətlilər şəhər sakinlərinin əsas ehtiyaclarının təmin edildiyini bildirsələr də, görüntülər reallığın çox fərqli olduğunu ortaya qoyur.
“Sky News”da yer alan xəbərə görə, şəhərdəki anbar yüzlərlə adam tərəfindən talan edilib. Sosial mediada yayılan görüntülərdə təhlükəsizlik qüvvələrinin qısa müddətdə izdihamı dayandıra bilmədiyi görünür.
Bununla belə, görülən bütün tədbirlərə baxmayaraq, son 24 saat ərzində 26 milyondan çox insanın yaşadığı Şanxayda 26 min COVID-19 hadisəsi qeydə alınıb.
Şəhərdə komendant saatı elan edilib, yalnız tibb işçiləri, könüllülər və çatdırılma işçiləri evlərini tərk edə bilər. Çinin rəsmi xəbər agentliyi “Sinxua” məlumat yayıb ki, hazırkı siyasətin yumşaldılması fəlakətə səbəb olacaq.