
Çinin “Google”un bənzəri olan axtarış sistemi “Baidu” İsraili xəritələrdən silib.
Gununsesi.info-nun məlumatına görə, “The Wall Street Journal” yazır ki, Çin texnologiya nəhəngləri “Baidu” və “Alibaba” artıq xəritələrində İsrail adını göstərmir.
Qəzet bildirib ki, onlayn xəritələr İsrailin sərhədlərini və şəhərlərini göstərir. Lakin digər qonşu ölkələrdən fərqli olaraq, ölkənin adı verilmir.
Sosial media istifadəçiləri “The Wall Street Journal”ın iddiasını təsdiqlədiyən xəritələr paylaşıblar.
Oxşar vəziyyət xəritəyə mobil telefon vasitəsilə daxil olarkən də müşahidə olunub. Məsələ ilə bağlı şirkətlərdən heç bir açıqlama verilməyib.
Çin İsrail və Fələstin dövlətlərini rəsmən tanıyır. Pekin Fələstin probleminin həlli kimi iki dövlətli həllin tərəfdarıdır və Fələstin dövlətinin tanınmasına çağırır. Çin İsrailin Qəzzaya hücumlarına qarşı atəşkəs çağırışı edib.
Gununsesi.info