Çindən vasitəçilik təşəbbüsü: Xüsusi nümayəndəsini Ukrayna, Rusiya və Avropaya göndərir

  • By admin
  • 28 Fevral 2024 12:56

Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Rusiya-Ukrayna müharibəsinin nizamlanması üzrə danışıqlar aparmaq üçün Ukrayna, Rusiya, bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinə və Brüsselə səfər edəcək.

Gununsesi.info xəbər verir ki, bu barədə Çinin Xinhua agentliyi Çin Xarici İşlər Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd edilir ki, səfər “Ukrayna böhranının siyasi həllini tapmaq üçün məkik diplomatiyasının ikinci raundu” olacaq.

Çinin xüsusi nümayəndəsi Ukrayna, Rusiya və Belçikadan başqa Fransa, Almaniya və Polşaya da səfər edəcək.

Səfərlər martın 2-də başlayacaq.

Çin tərəfi dünən bildirib ki, “hazırda ən təcili vəzifə sülhü bərpa etməkdir”.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning brifinqdə deyib: “Son iki il ərzində biz heç vaxt sülhü təşviq etmək səylərimizdən əl çəkməmişik və danışıqların irəliləyişini dayandırmamışıq”.

Li Hui keçən il münaqişənin həllində vasitəçilik səyləri çərçivəsində regiona səfər edərək, Moskva, Kiyev və bir sıra Avropa paytaxtlarında danışıqlar aparıb.

Çin Ukrayna müharibəsində bitərəf olduğunu desə də, Rusiyanı Ukrayna işğalına görə qınamaqdan imtina etdiyi üçün tənqid edilir.

Pekin keçən il Qərb ölkələrinin Rusiyaya ələ keçirdiyi ərazilərin böyük hissəsini Ukraynada saxlamasına icazə verə biləcəyini bildirən “siyasi nizamlanma”ya çağıran sənəd dərc edib.

Gununsesi.info