“Çingiz Abdullayev özü yazmır, ona-buna pul verib yazdırır” -Əlisa Nicat

Son günlər mətbuatda və sosial şəbəkələrdə gündəmdə olan tanınmış yazıçı, tərcüməçi Əlisa Nicat Azərbaycan Yazıçılar Birliyinin son qurultayını biabırçılıq adlandırıb.

Gununsesi.info xəbər verir ki, bu barədə yazıçı “Report”a müsahibəsində danışıb.

HTML tutorial

“Xəbərim var, biabırçılıq idi. Dəvət etməmişdilər, heç çağırsaydılar da getməzdim. Anarın ətrafına yığdıqları kimlərdir? Həmişə onun haqqında yaxşı tərif yağdıranlar. Rəsul Rzanı və Anarı kim tərifləyirdisə, dərhal yanına çəkirdi. Amma onu tərifləməyənləri yanına buraxmır. Heç kimi tərifləməyən Əlisa Nicatı kim sevər? Mənim üçün həqiqət hər şeydən önəmlidir. Mənim üçün həqiqət Allahdır”, – deyə o qeyd edib.

Yazıçı qurultayda Çingiz Abdullayevin davranışlarının, Azərbaycan dilində danışa bilməməsinin biabırçılıq olduğunu vurğulayıb.

Əlisa Nicat bildirib ki, Çingiz Abdullayev özü yazmır, ona-buna pul verib yazdırır.

“Onun yazdığı detektiv ədəbiyyat deyil, xüsusən bədii ədəbiyyat deyil.

Bilirsiniz, onun yazdıqları xaricdə çıxır. Detektiv janrı aşağı səviyyəli beyin tələb etdiyinə görə maraq daha yüksək olur. Çünki bu janrı cəmiyyətlərdə uzaqgörən olmayan, intellekt səviyyəsi aşağı olan, istedadlı olmayan hər kəs oxuyub başa düşə bilir. Bu cür adamların oxuması üçün yaxşı kitablardır. Buna görə də dedektiv heç bir zaman ədəbiyyata daxil edilməyib. Amma buna baxmayaraq, çap olunur, çünki alırlar”, – deyə yazıçı bildirib.

Gununsesi.info