Çinin müdafiə naziri vəzifəsindən uzaqlaşdırıldı

  • By admin
  • 24 Oktyabr 2023 17:03

Bir müddətdir ictimaiyyət qarşısına çıxmayan Çinin müdafiə naziri Li Şanfu tutduğu vəzifədən uzaqlaşdırılıb.

Gununsesi.info-nun məlumatına görə, Çin dövlət televiziyası CCTV bildirib ki, Li Şanfu Çinin qanunverici orqanı olan Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin iclasında qəbul edilən qərardan sonra tutduğu vəzifədən kənarlaşdırılıb. Lakin Çin Müdafiə Nazirliyinin yeni rəhbərinin adı hələ açıqlanmayıb.

Keçmiş nazir sonuncu dəfə avqustun 29-da Pekində Sülh və Təhlükəsizlik üzrə Çin-Afrika Forumu keçirilən zaman ictimaiyyət qarşısına çıxıb.

Çinli nazirin sentyabrın 7-8-də iştirak etməsi planlaşdırılan illik Çin-Vyetnam müdafiə əməkdaşlığı toplantısı “sağlamlıq problemləri” səbəbindən ləğv edilib.

Bundan əlavə, Li Şanfu sentyabrın 15-də keçirilən iclasda iştirak etməyən Mərkəzi Hərbi Komissiyanın yeganə üzvü olub.

Eks-nazir həmçinin oktyabrın 1-də qeyd olunan əsas milli bayram – Çin Xalq Respublikasının yaranması günü şərəfinə təşkil olunan qala-qəbulda iştirak etməyib.

Səid Əhmədli
Gununsesi.info