
Çində keçmiş xarici işlər naziri Qin Qangdan sonra bu dəfə müdafiə naziri Li Shangfu yoxa çıxıb. İki həftədir Shangfudan xəbər yoxdur
Gununsesi.info xəbər verir ki, Çində “siyasi qeyri-sabitlik”lə bağlı fərziyyələrin ortaya çıxdığı bir vaxtda 2 həftədir xəbər alınmayan müdafiə naziri Shangfunun vəzifəsindən uzaqlaşdırıldığı və ya həbs oluna biləcəyi iddia edilir.
Şhangfunun itkin düşdüyünə dair ilk açıqlamalar ABŞ-ın Yaponiyadakı səfiri Rahm Emanuelin sosial media hesabındakı paylaşımı ilə ortaya çıxıb. Emanuel öz paylaşımında “Çin prezidenti Si Çinpinin kabineti Aqata Kristinin “Və sonra heç biri” romanına bənzəməyə başlayır. “Əvvəla, keçmiş xarici işlər naziri Qin Qangdan, daha sonra raket qüvvələri komandirlərindən, indi isə müdafiə naziri Li Shangfudan 2 həftədir ki, xəbər yoxdur”, – deyə o bildirib.
Şhangfu sonuncu dəfə avqustun 29-da paytaxt Pekində keçirilən Çin-Afrika Forumunda görülüb və ondan sonra heç bir görüşə qatılmayıb.
Qin Qang sonuncu dəfə iyunun 25-də Rusiya, Vyetnam və Şri-Lanka xarici işlər nazirləri ilə görüşləri zamanı görülüb. Qangın iyulun 4-də Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borrell ilə görüşü planlaşdırılıb, lakin Pekin administrasiyası səfərə 2 gün qalmış Borrelin səfərini ləğv edib. Qin Qang ABŞ-ın maliyyə naziri Canet Yellen və ABŞ-ın İqlim üzrə xüsusi nümayəndəsi Con Kerrinin bu ay Çinə səfərləri zamanı ictimaiyyət qarşısına çıxmayıb.
Bundan əlavə, Qin Gang yerinə İndoneziyanın paytaxtı Cakartada keçirilən ASEAN Xarici İşlər Nazirləri Toplantısına o zaman Çin Kommunist Partiyasının Xarici Əlaqələr Komissiyası Ofisinin direktoru olan Vanq Yi qatılıb.
İyulun 11-də Çin Xarici İşlər Nazirliyinin keçirdiyi mətbuat konfransında Qin Qangın ASEAN toplantısında iştirak etməməsinin səbəbi “səhiyyə problemləri” olaraq göstərilib. Nazirlik tərəfindən mütəmadi olaraq keçirilən mətbuat konfranslarında Qin Qangla bağlı suallar cavabsız qalıb.
İyulun 25-də bir aydır xəbər alınmayan Qin Qangın xarici işlər naziri vəzifəsindən uzaqlaşdırıldığı və yerinə Vanq Yinin təyin edildiyi açıqlanıb.
Elmar Elnuroğlu
Gununsesi.info