ABŞ Geoloji Xidməti (USGS) Çinin Sincan-Uyğur Muxtar Bölgəsindəki Aykol şəhərində 7,0 bal gücündə zəlzələ baş verdiyini bildirib.
Gununsesi.info xəbər verir ki, qurumun saytında yerləşdirilən məlumata görə, ocağı Çinin Sintszyan-Uyğur Muxtar Rayonunun Aykol şəhərində olan 7,0 bal gücündə zəlzələ Sakit okean vaxtı ilə saat 21.09-da baş verib.
Məlumata görə, zəlzələ 13 kilometr dərinlikdə baş verib. Təxminən yarım saat sonra bölgədə 5,1, 5,5 və 5,0 bal gücündə zəlzələlər qeydə alınıb.
Episentri Qızıl-Su olan Qırğızıstanda 7 bal gücündə zəlzələ baş verdiyini ilkin olaraq bildirən ABŞ Geoloji Xidməti daha sonra zəlzələnin episentrinin Çinin Aykol şəhəri olduğuna aydınlıq gətirib.
Zəlzələ region ölkələrində, xüsusilə Qırğızıstan, Qazaxıstan və Özbəkistanda hiss olunub.
Qırğızıstanın paytaxtı Bişkekdə insanlar güclü zəlzələdən təşviş içində evlərini tərk edərək küçələrə axışıblar.
Qırğızıstanın fövqəladə hallar naziri Bobek Adjikeyev sosial şəbəkədəki səhifəsində yerli vaxtla saat 00.09-da baş verən zəlzələ nəticəsində ölkə ərazisində dağıntı və tələfat olmadığını bildirib.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyi də zəlzələnin Almatıda 4 bal gücündə hiss edildiyini bildirib.
Sosial mediada zəlzələnin hiss olunduğu ölkələrdə küçələrə çıxan insanların görüntüləri diqqət çəkib.
Gununsesi.info