Cinsi təcavüzə məruz qalan keçmiş rahibələrdən çağırış

  • By admin
  • 22 Fevral 2024 09:36

Roma Papasının 2023-cü ilin oktyabrında “20-dən çox qadına təcavüz” iddiaları və şikayətləri haqqında dosyenin yenidən araşdırılmasına göstəriş verdiyi Sloveniya Cizvit keşişi Marko Rupnik tərəfindən təcavüzə məruz qaldıqlarını ifadə edən keçmiş rahibələr Gloria Branciani və Mirjam Kovac Romada mətbuat konfransı keçirib.

Gununsesi.info xəbər verir ki, keçmiş rahibələr gənc yaşlarında keşiş Rupnik tərəfindən cinsi və psixoloji təzyiqlərə məruz qaldıqlarını ətraflı izah edərkən, onlar kimi ümumilikdə 20 rahibənin təcavüz qurbanı olduğunu bildiriblər.

Keçmiş rahibələr katolik kilsəsinin rezin divarla əhatə olunduğunu və onun sökülməsi lazım olduğunu bildirərək, Papa Fransiski onları yox saymamağa və onların səsinə qulaq asmağa çağırıblar.

Gloria Branciani Vatikanın onları susdurmağa çalışdığını bildirib.

“Bu gün hekayəmizi danışdıq. Arzumuz həqiqətin və çəkdiyimiz haqsızlıqların bilinməsidir, lakin onlar susmağımızı, birtəhər aradan qalxmağımızı istəyirlər. Bizi gözdən salırlar və bu, artıq qəbuledilməzdir”, – deyə o əlavə edib.

Mətbuat konfransının təşkilatçılarından biri və ABŞ-da yerləşən “BishopAccountability” adlı internet saytının direktoru, təqib və zorakılıqda iştirak edən keşişlərlə mübarizə aparan Enn Barret Doyl da müstəqil araşdırma aparmağa çağırıb.

Keçmiş rahibələrin mətbuat konfransından sonra Vatikan mətbuat ofisindən verilən açıqlamada Rupnikin dosyesinin Papa Fransiskin göstərişi ilə yenidən araşdırıldığı xatırladılıb və Vatikanın İnam Doktrinası Nazirliyindən bildirilib.

Sloveniyalı Cizvit keşişi və eyni zamanda tanınmış mozaika rəssamı Rupnikin “1990-cı illərdə Sloveniyanın paytaxtı Lyublyanada dini icmalarda rahibələrə və digər qadınlara cinsi və psixoloji zorakılıq göstərdiyi” iddiaları zaman-zaman Vatikanın gündəmində olub.

Cizvit ordeni də Rupniki 2023-cü ilin iyununda bir çox qadının bu sui-istifadə ittihamlarına görə təşkilatından xaric edib.

Vatikandakı Sui-istifadənin Qarşısının Alınması Komissiyası 2023-cü ilin sentyabrında keşiş Rupniklə bağlı işin idarə edilməsində ciddi problemləri Papaya bildirdi və qurbanlara çatmamağın ciddi çatışmazlıq olduğunu bildirib.

Papa həmçinin Rupnik dosyesinin 2023-cü ilin oktyabrında yenidən araşdırılmasına göstəriş verib.

 

Gununsesi.info