Tarixdə elə adlar var, onları eşidəndə insanın ağlına böyüklükdən başqa bir şey gəlmir. Adam var, böyük olsa belə, hansısa məqamda başqa nələrisə xatırlayırsan. Ancaq Əhməd Cavad adında əsla.
Bəli, həm yaradıcılığı, həm də şəxsiyyəti ilə böyük olan Əhməd Cavaddır o.
O elə bi adamdır, yaradıcılığını da, şəxsiyyətini də tam təhlil etmək olmur. Yəni nə yazsan, yenə də azdır, böyüklüyü qarşısında acizdir.
Təkcə “Çırpınırdın, Qara dəniz” şeirinin sözlərinə yazılmış mahnı bütün türk dünyasının azadlıq və mübarizə himninin əks-sədasıdır.
O Əhməd Cavaddır ki, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını milli tariximizin ən parlaq səhifəsi kimi bilən Əhməd Cavad müstəqil dövlətimizin himnini də yazıb.
İstiqlal uğrunda nələr yaşamadı ?
1928-ci ildə “İstiqlal uğrunda şeirlər” kitabı İstanbulda işıq üzü gördü və elə bundan sonra da həmin dövrdə mətbuatda Əhməd Cavadın əleyhinə hücumlar başladı.
Böyük şəxsiyyəti onu böyük bəlalarla üzləşdirdi.
İstanbuldan sonra hücumlar Yazıçılar İttifaqının plenumlarında da davam etdi.
Bütün bunlara sinə gəlsə də, zalımlıq axırda öz nəticəsini verdi.
Bəli, 1937-ci il.
Əhməd Cavada qarşı kampaniya genişlənir.
Əhməd Cavadı Yazıçılar İttifaqının üzvlüyündən çıxarırlar.
Çox keçmir, cəmi beş gün sonra isə həbs edirlər. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan çox qüdrətli bir insana “xalq düşməni” damğası vurulur.
Şairin evində aparılan axtarış zamanı mənzilindən əmlakını, hətta həyat yoldaşı Şükriyyə xanımın daş-qaşını, bəzək əşyalarını da müsadirə edirlər.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad 1937-ci il oktyabrın 13-də güllələnir.
Şairin sağ qalan ailə üzvlərinin taleyi isə daha ağır və faciəli olur.
Şükriyyə xanım həyat yoldaşının ölümündən sonra “vətən xaininin arvadı” kimi uşaqları ilə birlikdə həbs edilir. Yeddi ildən sonra sürgündən azad edilsə də, ona Bakıda yaşamaq qadağan olunur. Yalnız 1955-ci ilin dekabrında ailə bəraət alır.
Bu gün adi sözlərlə yazılan bu bioqrafiya dövrünün dəhşəti idi.
Özü güllələnən, ailəsi olmazın əzabını çəkən Əhməd Cavad adı tarixin ən şanlı adlarındandır.
Firuzə Mahmudova












