
Yolda gedərkən gənclərin bir-birinin çiyninə toxunması 23 və 24 yaşlarında olan iki nəfərin bıçaqlanmasına, 21 yaşlı daha bir gəncin isə uzun müddətə dəmir barmaqlıqlar arxasına düşməsinə səbəb olub.
Gununsesi.info xəbər verir ki, hadisə Qaraçuxur qəsəbəsində baş verib. İndi həmin iş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır. Məhkəmə qarşısına çıxarılan 21 1997-ci il təvəllüdlü Orxan Cəfərov iki zərərçəkmişi – Rəvan İsgəndərov və Emil Əhmədovu öldürməyə cəhddə ittiham olunur.
Cinayət işinin materiallarında yazılıb ki, hadisə günü təqsirləndirilən Orxan Cəfərov qardaşı Vüsal Cəfərovun övladının məktəbə getməsi ilə bağlı məclis olub. Orxan da orada spirtli içki qəbul edib. O, evə qayıdarkən Qaraçuxur qəsəbəsində avtobus dayanacağının yaxınlığında Rəvan İsgəndərov və Emil Əhmədovla qarşılaşıb. Onlar əvvəldən bir-birini tanımayıblar. Səki ilə hərəkət edərkən onlar Orxan Cəfərovun çiyninə toxunublar. Mübahisə də bundan başlayıb və əlbəyaxa davaya çevrilib.
Orxan Cəfərov cibində bıçaq olub. O, bıçaqla Rəvan İsgəndərova iki, Emil Əhmədova isə bir zərbə vurub, ardınca da çıxıb gedib.
Orxan Cəfərov özünü qismən təqsirli bilir. Deyir ki, düzdür, bu şəxsləri bıçaqlayıb, amma öldürmək niyyəti olmayıb.
Zərərçəkmişlər də məhkəmədə bildiriblər ki, Orxan Cəfərovu əvvəl tanımayıblar və hadisə yolda bir-birlərinə çiyinlə toxunduqlarına görə baş verib.
“Əlbəyaxa olduq. Biz ikimiz də yerə yıxıldıq. Orxanın cibində bıçaq olduğunu bilmirdik. Bir anda bıçaq dəydi mənə. Sonra da Emilə…”, – zərərçəkmiş Orxan İsgəndərov bildirib.
Hər iki zərərçəkmiş təqsirləndirilən Orxan Cəfərovdan şikayət və tələbləri olmadığını, aralarında barışıq imzalandığını söyləyiblər.
Gülər
Gununsesi.info