CNN: ABŞ İsraildən tezliklə Qəzzada taktikanı dəyişəcəyini gözləyir

  • By admin
  • 04 Noyabr 2023 12:10

ABŞ İsrailin yaxın günlərdə HƏMAS-a qarşı taktikasını dəyişməsini, hava hücumlarının miqyasını azaltmasını və taktiki quru əməliyyatlarına diqqət yetirməsini gözləyir.

Gununsesi.info-nun məlumatına görə, bu barədə CNN ABŞ administrasiyasının adı açıqlanmayan rəsmisinə istinadən xəbər verir.

Kanalın həmsöhbətinin sözlərinə görə, Co Bayden administrasiyası İsrailin hava hücumlarının sayının “əvvəlki gördüyümüzlə müqayisədə” azalacağını gözləyir.

ABŞ hesab edir ki, İsrail HƏMAS-ın istifadə etdiyi geniş yeraltı tunellər şəbəkəsini təmizləmək üçün quru kampaniyasına diqqət yetirəcək.

Rəsmi qeyd edib ki, İsrail ordusunun Qəzzada hərəkətləri, xüsusən də qaçqın düşərgəsinin atəşə tutulması ilə bağlı beynəlxalq tənqidlərə səbəb olsa belə, ABŞ administrasiyası İsraillə müzakirələrdə “müharibə vaxtı qərarlar ilə bağlı çox sadə, ehtiyatlı davranıb və çətin suallar verib”.

O əlavə edib ki, HƏMAS-ın oktyabrın 7-də İsrailə qarşı hücumlarının miqyasını və xarakterini nəzərə alaraq, hazırda atəşkəs uyğun deyil.

Rəsmi vurğulayıb ki, Birləşmiş Ştatlar İsraili fəal şəkildə qondarma “humanitar fasilələr”ə, habelə beynəlxalq humanitar hüquqa riayət etməyə çağırır.

Xatırladaq ki, bir gün əvvəl ABŞ-ın dövlət katibi Antoni Blinken Təl-Əvivdə ölkəsinin İsrailin HƏMAS-a qarşı hərəkətlərini dəstəklədiyini, lakin Qəzzada mülki əhalinin müdafiə olunmalı olduğunu bildirmişdi.

Bundan əlavə, mətbuatda yayılan məlumatlara görə, ABŞ prezidenti Co Bayden administrasiyası mülki insanların həyatını xilas etmək üçün Qəzza zolağının cənubundakı hava hücumlarını məhdudlaşdırması üçün İsrailə özəl olaraq təzyiq edir.