CNN telekanalı ABŞ prezident Donald Trampı məhkəməyə verir.
Musavat.com xarici mətbuata istinadən xəbər verir ki, kanal bu barədə qərarı Trampın müxbir Cim Akostanı mətbuat konfransında təhqir etməsindən sonra alıb.
Bundan başqa, CNN Cim Akostanın Ağ Evdəki akkreditasiyasının ləğvini də məhkəmədə mübahisəl predmetinə çevirəcək. Gələn xəbərlərdə CNN-in Cim Akostaya tətbiq olunan cəzalandırma tədbirinin heç bir hüquqi əsasının olmaması səbəbindən, habelə jurnalistlərin hüquqlarının qorunması məqsədilə belə bir addım atdığı bildirilir.
ABŞ-ın ABC televiziyasının Ağ Evdəki müxbiri Sem Donaldson informasiyanı təsdiq edərək, ilk iclasın bu həftə içində olacağını söyləyib.
Xatırladaq ki, CNN müxbiri ilə Donald Tramp arasında mübahisə prezidentin aralıq seçkilərindən sonra təşkil etdiyi mətbuat konfransından sonra düşmüşdü. Bundan sonra Cim Akostanın akkreditasiya kartı məxfi xidmət (prezidentin mühafizə xidməti) tərəfindən alınmışdı.
CNN müxbirinin ABŞ-a sığınacaq istəyən qaçqınlar və Rusiyanın seçkilərə müdaxiləsi ilə bağlı suallarına hirslənən Tramp ona yönəlik “Sən kobud və pis adamsan. CNN-də yalan xəbərlər yaydığın üçün xalq düşmənisiniz”,-deyə cümlələr sərf etmişdi.