Cocuq Mərcanlıda 995 qəlpə və iki mina partladıcısı aşkar edilib

  • By admin
  • 17 Aprel 2017 20:56

cocuqmercanli mina

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri aprelin 17-də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində gün ərzində 995 qəlpə və tank əleyhinə iki “TM-57” minasının partladıcısını (MVZ-57) aşkar ediblər. Həmin sursat zərərsizləşdirilməsi üçün götürülüb. Ümumilikdə 33 min 444 kvadratmetr ərazi yoxlanılıb.

Gununsesi.info-nun məlumatına görə, ANAMA-dan bildiriblər ki, 59 gün ərzində agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 evə və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış olub. İyirmi yeddi partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib. Baxış zamanı 1 milyon 890 min 124 kvadratmetr ərazi yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Agentlik tərəfindən yanvarın 1-dən aprelin 17-dək 5130 partlamamış hərbi sursat, tank əleyhinə 83 mina və piyada əleyhinə 9 mina aşkar olunaraq zərərsizləşdirilib.

Ümumilikdə 1 milyon 947 min 88 kvadratmetr ərazi yoxlanılıb.

Gununsesi.info