
Hər gün onlarla narkotacir, narkokuriyer həbs edirlər. Gün ərzində nə qədər quldurluq, soyğunçuluq, oğurluq, dələduzluq və sair cinayətlərinin qarşısını alırlar.
Bunu milli polisimiz edir. Etiraf edək ki, Bakıdakı kriminogen durum çox sevdiyimiz və tez-tez səyahət etdiyimiz İstanbul şəhərindən qat-qat yaxşıdır.
Ancaq buna görə polisə minnətdar olsaq da bunu açıq ifadə etməyə çəkinirik.
Səbəb sadədir.
Polisin ictimai tədbirlərdəki davranışı onun yuxarıda sadaladığımız xidmətlərini kölgə altına salır.
Bu məsələyə toxunmağıma səbəb dünən Saatlının kəndlərində su tələb edən insanlara rezin güllələr atılması, hədsiz zorakılıq edilməsi faktı oldu.
İndiyədək Bakıda yüzlərlə aksiyalar olub, siyasi tələblərdən tutmuş, əmlak hüquqları pozulan qruplar bunu hətta strateji dövlət orqanlarının qarşısında ediblər. Zorakılıq olub, amma rezin güllə halları olmayıb.
Bu olay 2021-ci ildə Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin keçirildiyi gün şahidi olduğum bir hadisəni mənə xatırlatdı.
Təsəvvür edin ki, bir neçə ölkənin prezidenti, baş nazirinin qatıldığı mühüm tədbir gedir və paralel prospektdə yüzlərlə fermer traktorlarla küçədə hökumətin hansısa qərarına etiraz edirdi.
Polisin işi isə həmin marşurut üzrə getmək istəyən başqalarına altermativ yollara yönəltmək idi.
Bəlkə də dünənki olayda bu üzücü durumun yaşanmasına səbəb ölkə başçısının Azərbaycandan kənarda olmasıdır.
Görünür, DİN rəhbərliyi hesab edib ki, Prezidentin ölkədə olmadığı bir zamanda sabitliyin pozulması onlara bağışlanmaz.
Əgər belədirsə, yanlış yanaşmadir.
Birincisi ona görə ki, İlham Əliyev Avropa İttifaqının aparıcı ölkəsi olan Almaniyada idi.
Bu cür ölkələrlə görüşlərdə dialoqlarda enerji, təhlükəsizlik məsələləri ilə yanaşı insan haqları da mühüm yer tutur.
İkincisi, bu olay Qarabağ ətrafında yaşadığımız həssas məqama təsadüf etdi.
Qarabağ ermənilərinə ən ali səviyyədə mesaj veririk ki, vətəndaşlarımızın malik olduğu əsas hüquq və azadlıqlardan siz də yararlanacaqsınız.
Əminəm ki, dünən Saatlıda baş verənləri Xankəndində və ətraf qəsəbələrdə yaşayan ermənilərə çatdırıblar ki, baxın, azərbaycanlıların hüquqları belə təmin olunur.
Hansısa bir kənd yolunun kənarı ilə yürüş edən insanlar hər halda Bakıya gələsi deyildilər. Uzaqbaşı icra hakimiyyətinin, yaxud da Meliorasiya və Su Təsərrüfatı Cəmiyyətinin regional idarəsinin qarşısında sözlərini deyib, geri dönəcəkdirlər.
Bu cür məsələlərdə siyasi hakimiyyətin də məsuliyyət payı var.
Ölkədə nəhayət, toplaşmaq azadlığı təmin olunmalıdır.
Elə, Milli Məclisin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruc bizə dünənki müsahibəsində bu problemi etiraf edir və həllinin vacibliyindən danışır.
Necə olur ki, azərbaycanlılar Avropa paytaxtlarının tam mərkəzində milli bayraqlarımızla “Xocalıya ədalət” mitinqləri keçirir və buna həmin ölkələrin polisləri müdaxiə etmir, amma Bakıda həbs olunan bir şəxsə sakit şəkildə “azadlıq” istəyən adam özü inzibati qaydada həbsə atılır.
Məhz bu inzibati həbslərə görə, Azərbaycan büdcəsi Avropa Məhkəməsinin qərarlarının icrasına görə nə qədər zərər edib.
Məsələnin həm də siyasi tərəfi var. Avropa Məhkəməsi qərarı ölkə əleyhinə çıxarır.
Baxmayaraq ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun vacibliyini tanıyıb, amma Konvensiyanın 5-ci (Azadlıq hüququ) maddəsinin pozuntusu azqala günaşırı davam edir.
Pərviz Həşimli
Gununsesi.info