COP-29 ərəfəsində Azərbaycan – Almaniya görüşləri

 

Prezident İlham Əliyev öz çıxışında bildirdi ki, “…COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla beynəlxalq əlaqələri və onlarda fəal iştirakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanını yaradacaq.”

 

Bu Forumda aparılan müzakirələr ilin sonunda ölkəmizdə keçiriləcək COP-29 tədbirləri çərçivəsində davam etdiriləcək. Bütün bunlarla yanaşı Almaniya səfəri həm də iki ölkə arasında daha geniş mövzuların müzakirə edilməsi üçün əlverişli bir fürsət oldu. İkitərəfli münasibətlər müstəvisində Azərbaycan və Almaniya arasında əməkdaşlıq da kifayət qədər genişdir. Almaniya-Azərbaycan əlaqələrinin inkişafı həm ölkələrimiz üçün, həm də bütövlükdə Cənubi Qafqazın inkişafı və sabitliyi üçün çox böyük əhəmiyyət kəsb edir.

 

Almaniya kansleri ilə görüşdə Azərbaycan – Ermənistan münasibətlərinin tənzimlənməsi istiqamətində aparılan fəaliyyətlər müzakirə olundu. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Almaniyada görüşünü xatırladan Prezident bu görüşün təşkili üçün Almaniya kanslerinə minnətdarlığını bildirdi və növbəti görüşün Qazaxıstanda keçiriləcəyi haqqında məlumat verdi. Toprpaqlarımızın işğaldan azad olunmasından sonra ərazidə aparılan bərpa-quruculuq işlərindən danışan Prezident İlham Əliyev bu günə qədər 6 min köşkünün öz evlərinə qayıtdığını və yaxən zamanlarda 20 minədək köçkünün də öz doğma torpaqlarına qaytarılacağını bildirdi. Bu səfər Azərbaycanın COP-29 tədbirinə hazırlığı baxımından və eləcə də Almaniya və Azərbaycan arasında qarşılıqlı faydalı və praqmatik münasibətlərin möhkəmləndirilməsi baxımından çox böyük uğurla nəticələndi.

 

Cavanşir Feyziyev
Milli Məclisin deputatı