COP29-da da qəbul ediləcək qərarlar hələ uzun illər ölkəmiz üçün çox müsbət fayda verəcək

  • By admin
  • 13 İyul 2024 14:40

Azərbaycan daha böyük bir tarixi hadisənin astanasındadır.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) başlanmasına dörd ay vaxt qalır.

Ölkəmizdə reallaşacaq bu mötəbər tədbirin keçirilməsi beynəlxalq ictimaiyyətin Azərbaycana etimadının göstəricisi olmaqla yanaşı, iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli işlərin görülməsi baxımından geniş fürsət imkanları yaradacaq.

Bütün bunların fonunda ölkəmizdə COP29-a hazırlıq işləri sürətlə davam edir.

Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Təşkilat Komitəsi bu tədbirin təşkili ilə əlaqədar müvafiq texniki-təşkilati tədbirlər həyata keçirir.

Təsadüfi deyil ki, 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edililib. Bugünədək bu mötəbər tədbirə hazırlıq işləri ilə bağlı ölkəmizdə çoxsaylı yığıncaqlar təşkil olunub, müzakirələr aparılıb. Bir çox xarici təşkilat və qurumlar, görkəmli ekoloqlar və digər sahə mütəxəssisləri COP29-u, həm də tədbirə Azərbaycanın evsahibliyi etməsini dəstəklədiklərini bildiriblər. Ölkəmizdə hazırlıqla bağlı həyata keçirilən tədbirlər sırasında bir neçə qurum tərəfindən təşkil olunan təlimlər də xüsusi önəm kəsb edir. Hələ COP29-a Azərbaycanın ev sahibliyi edəcəyi qərarı çıxanda Prezident İlham Əliyev qeyd etmişdi ki, bu beynəlxalq konfransı biz yüksək səviyyədə keçirəcəyik: “Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda, Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcəkdir və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz yaşıl enerji ilə bağlıdır. Yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarlarına nəqli hazırda bizim enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək”.

Dövlət başçısı qeyd edib ki, COP29 bu vaxta qədər Bakıda keçirilmiş beynəlxalq tədbirlərlə müqayisəyə gəlmir: “Hətta Avropa Oyunlarını xatırlasaq, o vaxt 5 min idmançı və onları müşayiət edən təqribən 3 min qonaq gəlmişdir. Ancaq COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq. Müəyyən ehtimallara görə, təqribən 70-80 min xarici qonaq bu müddət ərzində ölkəmizdə olacaq”.

Bir neçə gün öncə – iyulun 8-də COP29 ilə əlaqədar Təşkilat Komitəsinin beşinci iclası keçirilib.

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, Təşkilat Komitəsinin sədri Samir Nuriyev COP29-a hazırlıq prosesinin Prezident İlham Əliyevin daimi nəzarəti altında olduğunu qeyd edib. O, diqqətə çatdırıb ki, Azərbaycan Hökuməti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Katibliyi arasında imzalanacaq “Ev Sahibi Ölkə” Sazişinin yekun mətni müvafiq dövlət qurumlarının rəyləri nəzərə alınmaqla yaxın zamanlarda hazır olacaq. Azərbaycanın COP29 prioritetləri barədə danışan Samir Nuriyev bildirib ki, müxtəlif dövlət qurumlarının təklifləri əsasında, eləcə də BMT və digər beynəlxalq qurumlarla intensiv müzakirələr nəticəsində 14 təşəbbüsdən ibarət ilkin təkliflər siyahısı hazırlanır. BMT ilə razılaşdırmaqla COP29-un tematik günlərinin bölgüsü aparılıb. Bir sıra nüfuzlu əcnəbi şəxslərdən ibarət COP29 Beynəlxalq Məşvərət Komitəsinin yaradılması istiqamətində işlər də yekunlaşmaqdadır.

 

Hazırda noyabr ayında ölkəmizdə keçiriləcək COP29-un Tədbirlər Planının icrası və hazırlıq işlərinin gedişatı nə yerdədir və aidiyyəti məsələlər üzrə tapşırıqlar necə yerinə yetirilir?

 

Bu suallara Gununsesi.info-ya müsahibəsində münasibət bildirən Milli Məclisin deputatı Naqif Həmzəyev qeyd edib ki, dünyada miqyasına görə ən böyük beynəlxalq tədbirlərdən sayılan COP29-un Azərbaycanda keçirilməsi ətraf mühitin qorunması və təbiətə dəymiş zərərin qarşısının alınması, gələcək nəsillərə həyəcan təbilinin çalınması baxımından çox böyük əhəmiyyət daşıyır.

Deputat söyləyib ki, bugünə kimi COP-la əlaqədar keçirilən konfranslarda əldə olunmuş nəticələrin reallaşdırılması üçün qəbul olunmuş qərarların gerçəkləşməsi, maliyyə vəsaitlərinin tapılması və bu problemlərin köklü surətdə həll olunması üçün çox vacib qərarlar əldə olunub: “Bu konfransda həlli vacib olan bir çox məsələlər reallaşacaq. Dünyanın əksər ölkələrinin liderləri – dövlət və hökumət başçıları, ictimai fəallar, təsir imkanları böyük olan nüfuzlu şəxslər Azərbaycana səfər edəcəklər. Nəticə etibarı ilə ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi dövlətimizə qarşı etibarın, güvənin bariz nümunəsidir. Azərbaycanın son illərdə ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə bağlı bir çox uğurlu layihələrə imza atması, klassik enerji resursları ilə yanaşı, alternativ enerji mənbələrinin işlənməsinə dair real layihələri gerçəkləşdirmək niyyətini ortaya qoyması, enerji resurslarının Avropa bazarlarına çıxarılması ilə bağlı konkret layihələrin həyata keçirilməsi, məhz, yaşıl enerjinin istehsalı ilə bağlı ölkəmizə xarici investisyaların cəlb edilməsi və Azərbaycanın bu prosesdə aktiv rol oynaması ona olan güvəni daha da artırıbdır. Torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağ və Şərqi Zəngəzur ərazilərinin tamailə yaşıl ərazilər elan edilməsi və burada ağıllı kənd, qəsəbə, şəhər konsepsiyasının reallaşdırlması müasir dövrün çağrışlarıdır və ölkəmiz də bu proseslərə aktiv şəkildə qoşulubdur”.

 

Ölkəmizdə COP29-la bağlı hazırlıq işlərinin düzənli həyata keçirilməsini şərh edən deputat qeyd edib ki, belə mötəbər konfransın keçirilməsi üçün görülən işlər elə də asan deyil. Ancaq Azərbaycan bu işin öhdəsindən layiqincə gəlməkdədir: “Xarici ekspertlərin rəyini də nəzərə alsaq, görürük ki, Azərbaycan hazırlıq işlərini uğurla həyata keçirir. COP29-un keçirilməsi nəticə etibrı ilə ölkəmizin nüfuzunu daha da artıracaq və Azərbaycanın irəli sürdüyü bir çox təkliflər, layihələr gerçəkləşəcəkdir. Xüsusilə, Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi müddətdə nümayiş etdirdiyi mövqe və irəli sürdüyü təkliflər əksər dünya liderləri tərəfindən qəbul edildi. COP29-da da qəbul ediləcək qərarlar hələ uzun illər ölkəmiz üçün çox müsbət fayda verəcəkdir. Həmçinin regionumuzda sülhün bərqərar olması üçün də bu konfransın faydalarını görəcəyik. Ermənisanın COP29-dək sülhün əldə olunması üçün hərəkətə keçməsi bizi sevindirir. Ermənistanın sərgilədiyi bu xoş niyyət konfrans ərəfəsində sülh müqaviləsinin imzalanmasına böyük ümidlər yaradır. İnanırıq ki, Azərbaycanın irəli sürdüyü şərtlər altında regional maraqları qoruyaraq, Azərbaycanla Ermənistan arasında sülh anlaşması imzalanacaq”.

 

Turizm üzrə ekspertlər də ölkəmizdə təşkil olunacaq COP29-un iqtisadi əhəmiyyətini yüksək qiymətləndirir, ölkəmizin tanınmasında, eləcə də onun turizm potensialının dünyaya çatdırılmasında gözəl imkanlar açacağını söyləyirlər.

Turizm üzrə ekspert Ceyhun Aşurov bildirib ki, turizm sənayesi bu böyük tədbirə hazırlıqlı olmalı, qonaqların ən yüksək səviyyədə qarşılanmasını təmin etməli, Azərbaycan haqqında müsbət təəssüratlarla geri dönmələrinə nail olmalıdır.

Ekspertin sözlərinə görə, güclü və qalib ölkəmizin belə bir dünyamiqyaslı tədbirə ən yüksək səviyyədə ev sahibliyi etməsində turizmçilər üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir.

Ekspert  daha sonra əlavə edib: “Bakının ev sahibliyi edəcəyi bu mötəb tədbirə qatılmaq üçün 70- 80 min xarici ölkə vətəndaşının Azərbaycana gəlişi gözlənilir. Həmçinin 50-dən çox dövlət başçısının COP29-da iştirak edəcəyi nəzərdə tutulur. Bu beynəlxalq tədbir həm miqyasına görə, həm də siyasi, iqtisadi əhəmiyyətinə görə seçildiyini deyən ekspert qeyd edib. Belə böyükmiqyaslı tədbirlərin keçirilməsi, şübhəsiz, turizmin inkişafına də təsirsiz ötüşmür. Azərbaycanda qlobal miqyaslı bir tədbirin təşkili dövlətimizin iqtisadi-siyasi gücünü və təhlükəsizlik səviyyəsini göstərir. Bir neçə aydan sonra çoxsaylı insanın Bakıya gəlməsi Azərbaycanın dünyanın və dünya mətbuatının diqqət mərkəzində olması deməkdir. Belə tədbirlər ölkənin turizm destinasiyası kimi tanınmasına böyük təsir edir. COP29 təkcə ölkəyə turistlərin gəlməsi ilə yadda qalmayacaq, eyni zamanda, dövlətimizin müsbət imici barədə xarici qonaqları məlumatlandıracaq. Bunun üçün dövlətimiz hazırlıq işlərini ən yüksək sürətdə həyata keçiririr”.

Prezident İlham Əliyevin uğurlu diplomatiyası nəticəsində Azərbaycanın dünyada yaratdığı müsbət imic barədə danışan ekspert qeyd edib ki, dünya ölkələri 44 günlük Vətən müharibəsindən sonrakı dövrlərdə ölkəmiz qalib dövlət imici ilə daha yaxşı tanıdılar: “Artıq dünya bizi güclü dövlət kimi qəbul edir. COP29-da iştirak üçün bu qədər insanların qonaq kimi iştirakı tarixi hadisədir.

Tədbirə qatılan insanlar geri qayıtdıqdan sonra Azərbaycan tarixinin, mədəniyyətinin, mətbəxtinin və ölkəmizin görməli yerlərininin yaratdığı təəssüratı öz ölkələrində də paylaşacaqlar. Bu də gələn qonaqların yenidən geridönüşünə səbəb olacaq. Turizm Azərbaycanda praritet sahədir. COP 29 da turist axını üçün əlverişli platformadır”.

 

 

 

Ceyhun Alışlı

Gununsesi.info