Azərbaycanın ev sahibliyi etdiyi COP29 başa çatdı. Ölkəmiz bütün dünyanın diqqətinin cəlb olunduğu bu mötəbər tədbirinin fonunda həm də beynəlxalq səviyyədə tənqidi kampaniya ilə üz-üzə qaldı.
Azərbaycanda insan haqlarının durumuna , habelə Qarabağdakı anti-terror əməliyyatlarına istinad edərək Azərbaycan əleyhinə böyük bir kampaniyanın şahidi olduq.
Milli Məclisin YAP-dan olan deputatı Məlahət İbrahimqızı Gununsesi.info -ya müsahibəsində COP29 və anti-hökumət kampaniyasından danışıb.
– Məlahət xanım, Azərbaycan COP29-a ev sahibliyini üzərinə götürəndə əleyhinə böyük kampaniyanı hesablamışdımı? Dünyanın nüfuzlu media quruluşlarının da cəlb olunduğu bu kampaniya bu mötəbər tədbirə nə dərəcədə təsir etdi?
-Azərbaycan COP-a qədər də I Avropa oyunları kimi bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib. Yaxın keçmişə baxsanız, görərsiniz ki, biz o zamanda da Azərbaycanfobiyalı qüvvələrin qara piarının, bizə qarşı qərəzli təbliğatının şahidi olmuşuq. Azərbaycan hökuməti, şəxsən Dövlət Başçımız heç vaxt bu qarayaxmalar əsasında iş qurmur. Əksinə, möhtərəm Prezidentimiz uğurla həyata keçirdiyi bu beynəlxalq layihələrlə o qüvvələri ifşa edir. Artıq hamı bilir ki, obyektiv bildiyimiz beynəlxalq təşkilatlar necə riyakar və qərəzli yanaşmalarla fəaliyyət göstərir.
Bu mənada da bundan sonra da ölkəmizdə keçiriləcək mötəbər tədbirlərə qarşı da bu qüvvələrin qarayaxmaları ilə üzələşə bilərik. Amma bu bizim dövlətimizi öz müstəqil yolundan döndərə bilməz. Biz dövlətimizin qarşısında olan məqsəd və hədəflərə qovuşmaq üçün bu qara qüvvələrlə mübarizə aparacağıq.
–Belə bir fikir səsləndi ki, bəlkə də COP 29 ərəfəsində həbsdə olan fəallar ,jurnalistlər azadlıqda olsaydı , Azərbaycan bu qədər hədəfdə olmazdı. Buna münasibətiniz necədir?
-Qətiyyən bu belə deyil. Bizə qarayaxan əsas qüvvələr kimdir? İlk olaraq erməniləşmiş və erməni diaspora və lobbi təşkilatlarının maliyəsi ilə fəaliyyət göstərən ABŞ-dakı, Avropadakı beynəlxalq təşkilatlar, erməniləşmiş Fransa, Niderland və s. ölkələr üçün bəhanələr tapmaq asandır. Onların dərdi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqları deyil. 1 milyon qaçqın və köçkünün hüquqlarını bu neçə illərdə yada salmadılar.
Baxın bu ölkələrdə nə qədər insan hüquqları ilə bağlı problemlər var. İldən ilə də bu ölkələrdə hüququn aliliyi polis dəyənəyi ilə ayaqlar altına atılır. Bu ölkələrdə son vaxtlar olan mitinqlərı nəzərdən keçirmək yetər.
Biz hüquqi dövlətdə yaşayırıq. Hüquqi dövlətdə istintaq, yaxud da məhkəmə prosesində olan adamları hansı qanuna istinadla buraxmaq olar? Bunlar bunu yaxşı bilir. Sadəcə olaraq bundan ölkəyə qarşı istifadə edirlər.
– Bu kampaniyada bizi Ermənistana qarşı təcavüzdə ittiham etdilər . Bu açıq yalanda məqsəd nə idi? Hətta baş nazir Paşinyan belə bu tipli bəyanatların müəllifi olmayıb. Bizi “erməni kartı” ilə vurmaq nə dərəcədə effektlidir?
– Bu qüvvələr bilməlidir ki, artıq gecdir. Azərbaycan xalqı son iki yüz ildə ona qarşı törədilmiş haqsızlığı və ədalətsizliyi törədənlərə layiqli, sarsıdıcı və birdəfəlik cavab veribdir. Tarixi ədalətsizlik bərpa olunub. Respublikamızın ərazi bütövlüyü və suverenliyi bərpa olunub. İnanırıq ki, Qərbi Azərbaycanda da itirilmiş və qəsb edilmiş dədə- baba torpaqlarımız üzərində hüquqlarımızı bərpa edəcəyik. Bu geridönməz prosesdir.
44 günlük Vətən müharibəsi və uğurlu Xankəndi əməliyyatından sonra erməniləşmiş dünya anlayır ki, Azərbaycan Respublikasının Prezidenti heç vaxt gerçəkləşməsi mümkün olmayan layihələr haqqında danışmır. Bu mənada hətta ola bilər ki, ölkəmizə qarşı qarayaxma və “feiknyuslar” daha da artsın. Biz belə şeylərdən qorxmuruq və biz bu qüvvələri davamlı ifşa edəcəyik və onların üzərinə gedəcəyik.
Azərbaycanı tənqid edən bu ölkələr əllərində olan iri media quruluşları vasitəsilə üstümüzə gəldi. Mən izlədim, bir dənə də olsun sujet görmədim ki, Xankəndindən erməniləri zorla çıxarmışıq. Onların yaşaması üçün hər hansı qadağa yox idi. Bugün də Xankəndində ermənilər yaşayır. Onlar azərbaycanlılara qaynayıb-qarışır. Normal həyatlarına davam edirlər. Heç zaman şikayətləri də olmayıb.
– Məlahət xanım, söhbətimizin əvvəlində də dediniz. Azərbayucan hər zaman ev sahibliyi etdiyi beynəlxalq tədbirlər ərəfəsində böyük kampaniya ilə üzləşir. COP 29-da üzləşdiklərimiz Azərbaycanı növbəti beynəlxalq tədbirlərə ev sahibliyi etməkdən çəkindirə bilərmi?
– Qətiyyən, biz doğru bildiyimiz yolla gedirik. Avropa İttifaqında olan 3-4 ölkə bütünlüklə bu qitə dövlətlərinin bizə münasibəti kimi ümumiləşməməlidir. Azərbaycan Avropa İttifaqının ayrı-ayrı ölkələri ilə ikitərəfli sıx əməkdaşlıq münasibətindədir. Bu qüvvələr çox deyil. Onların bizə qarşı apardığı kampaniyalar effektiv olmur. Azərbaycan buna öməm də vermir. Onların cavablarını cənab prezidentimiz böyük ustalıqla verib.
Pərviz Həşimli