“İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin Konfransı dünyanın ən irimiqyaslı beynəlxalq tədbirlərindən biridir. Belə bir tədbirə Bakının ev sahibliyi etməsi ilk növbədə Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun təsdiqidir. COP 29-un ölkəmizdə keçirilməsi dünya dövlətlərinin səs yekdilliyi ilə qəbul olunmuş bir qərarıdır”.
Bu sözləri Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Cavanşir Feyziyev deyib.
Onun sözlərinə görə, xüsusilə, son zamanlar bölgəmizdə baş verən hadisələrin fonunda belə bir qərarın qəbul olunması dolayısı ilə bu hadisələrdə Azərbaycanın mövqeyinin dəstəkləndiyini göstərir:
“Azərbaycana beynəlxalq birlik tərəfindən göstərilən bu böyük etimadın və dəstəyin qarşısında hətta Cənubi Qafqaz bölgəsində sabitliyi pozmaq istəyən qüvvələr də bu qərara qarşı çıxmağa cürət etmədilər”.
Deputat sözlərinə davam edərək bildirib ki, bütün bunlar Azərbaycan dövləti tərəfindən aparılan xarici siyasətin kifayət qədər balanslı və səmərəli olduğunu göstərir:
“COP 29- un ölkəmizdə keçirələcəyi 2 həftə Azərbaycana öz siyasətini, iqtisadi imkanlarını, tarixi-mədəni sərvətlərini nümayiş etdirmək, eləcə də bölgəmizdəki geo-siyasi vəziyyət barədə obyektiv düşüncənin formalaşdırılması baxımından da gözəl bir fürsətdir. Əminəm ki, xalqımız və dövlətimiz belə möhtəşəm bir beynəlxalq tədbiri uğurlu və xeyirli şəkildə təşkil edəcək və bu tədbir dünyada Azərbaycana rəğbətin artmasında mühüm rol oynayacaq”.
Gununsesi.info