Çörək olarsa, mahnı da olar… - ESMİRA İSMAYILOVA YAZIR

  • By admin
  • 10 Noyabr 2017 16:14

Bəri başdan deyim ki,bu yazı siyasətdən çox-çox kənardır!

…Dünya tarixində iz qoymuş insanların təkcə doğum deyil, ölüm tarixləri də “tarix” hesab olunur. Götürək elə ötən əsrin son onlliyinə kimi özümüzə vətən saydığımız SSRİ-nin Baş Katibi olmuş Leonid İliç Brejnevi. Doğum tarixi qarışıq olsa da (bəzi tarixçilər onun 1906-cı, bəziləri isə 1907-ci ilin 19 dekabrında dünyaya gəldiyini iddia edir) ölüm tarixi bəllidir-1982-ci ilin bu günü-10 noyabrı.

35 il öncə baş verənləri yaddaşımda sıraladıqca bu insanla bağlı xatirələrimi yada salıram. Həmin il S.M.Kirov adına ADU-nun, indiki BDU-nin jurnalistika fakültəsinə qəbul olunmuşdum. Tələbəlik həyatının ilk ayında-sentyabrın 24-də bizi küçələrə çıxartdılar ki, ölkə rəhbərini qarşılayıb “əl edək”. Rayondan, kənddən gələn gənc üçün bu sevincli bir hadisə idi. Bu o zamanlar idi ki, dinlədiyimiz mühazirələrin yarısı Brejnevin sitatları olurdu, seminarda ən azı 3-4 dəfə yeri oldu olmadı, adını çəkməyə məcbur idik… Nə isə, 24 sentyabrın yorğunluğu hələ keçməmiş (bütün gün boyu yollarda durduğumuzdan ayaqlarımın ağrısını indi də hiss edirəm), düz 47 gün sonra digər şok xəbərə diksindik. 

– L.İ.Brejnev ölüb! Həmin gün-10 noyabrda fakültəmizdə əsl matəm ab-havası yarandı, gülüşlər üzdə, sözlər dildə dondu. Düzü, yadımda qalmayıb, həmin vaxt mən də ağladım ya yox, amma bu ölümə göz yaşı tökənlərin sayı-hesabı yox idi. (Bəlkə də ağlayanların ürəyinə dammışdı ki, ağlamalı günlərimiz bundan sonra başlanır). Etiraf edim ki, mən də çox pis olmuşdum. Hələ dükanlar  ərzaqlarla dolu olduğundan, işsizlik problemi yaşanmadığından baş verən siyasi oyunlardan, intriqalardan, dövlətin başlanan çöküşündən xəbərdar olmayan millət üçün Brejnev əvəzsiz lider idi. O vaxt qoca nənəm də Brejnevi hər televizorda görəndə “bu kişinin ayağında çörək var” deyirdi. Uşaqlığı Stalin repressiyasına, gəncliyi Xruşovun aclıq illərinə təsadüf edən nənəm və yaşıdları üçün Brejnev ideal dövlət başçısı  simvolu idi. Ötən əsrin 60-cı illərinin qıtlığını çəkənlərə, qarğıdalı çörəyindən doymayanlara 70-ci illər behişt kimi gəlirdi. Elə ona görə də bu “çörəkli” kişinin ölümü çörək qorxusu çəkənlərin çoxunu ağlatdı. Sonralar keçmiş ittifaq miqyasında rəhbərlər bir-birini əvəzlədikcə vəziyyət də dəyişdi-həm də pisliyə. Yuxulaya-yuxulaya ölkəni idarə edən Brejnevin ölkənin bərəkətini də özü ilə apardığı barədə yaşlılar fikir bölüşəndə siyasətçilər ölkənin çöküş səbəblərini araşdırırdılar. Nə xeyri? Nə Andropovun, nə Çernenkonun, nə də yenidənqurma deyə-deyə böyük SSR ittifaqını dağıdan Qorbaçovun hakimiyyət dövrlərində xalq Brejnev dövründəki bolluğu görə bilmədi, Brejnev hakimiyyəti dövründəki  sakitliyin, sabitliyin həsrətini çəkdi.  İttifaqın hər tərəfində başlanan qovğalar  hamımızı narahat etdi. Bizim nəslin payına da 1988-ci ildə soydaşlarımızın əzəli torpağımız İrəvandan köçü, 1990-cı ilin qanlı 20 yanvarı, torpaqlarımızın 20% işğalı düşdü.

Vəfatı günü “o necə insan, necə rəhbər idi? sorğusuna  cavabım  həm  sadədir, həm siyasətdənkənar-dünyağörmüş nənəmin dedikləri ilə həmfikirəm bu gün – Çörəkli adam” !… Sizi bilmirəm,mənə elə gəlir ki, “Xam torpaq” əsərini yazan  jurnalist Aleksandr Mürzin “Çörək olarsa ,mahnı da olar” deyimini elə L.İ.Brejnevin hakimiyyət dövrünü nəzərdə tutaraq  yazmışdı. Çünki o dövrdə çörək də vardı, nəğmə də…

 

Gununsesi.info

Esmira İsmayılova -Lənkəran