“Bunlar leşyeyən quşlardır” - AKİF ÇOVDAROV ZƏRƏRÇƏKƏNLƏRƏ

  • By admin
  • 27 Fevral 2017 14:12

akif

Fevralın 27-də Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Gununsesi.info-nun xəbərinə görə, qapalı keçirilən prosesdə zərərçəkmiş “Yeni Yasamal” MTK-nın rəhbəri Cahangir Alışovun epizodu üzrə şahidlər  ifadə veriblər. Şahislər  həmin MTK-dan ev aldıqlarını bildiriblər.

A.Çovdarovun vəkili Sadiq Rəsulov jurnalistlərə açıqamasında bildirib ki,  vəkillər  iclasda vəsatətlə çıxış ediblər. Onlar “Yeni Yasamal” MTK-nın qeydiyyat jurnalının məhkəməyə gətirilməsini istəyiblər.

Məhkəmə vəsatəti təmin edib.

S.Rəsulov bildirib ki, prosesdə zərərçəkmiş Nadir Feyziyev istintaqa verdiyi ifadəsini təkzib edib: ” N.Feyziyev  Cahangir Alışov epizodu üzrə zərərçəkmişdir. N.Feyziyev istintaqdakı dindirilmə zamanı MTN-in sabiq əməkdaşı Alı Nəbiyevin onu nazirliyin inzibati binasında qanunsuz saxladığını söyləmişdi. Guya Alı ondan evlər tələb edib. Ötən prosesdə də bu epizod üzrə Alı Nəbiyev ifadə vermişdi. Bu dəfə N.Feyziyev dedi ki, onu nazirliyin inzibati binasında çox adam saxlayıb”.

S.Rəsulov söyləyib ki, N.Feyziyevlə A.Nəbiyev arasında məhkəmədə üzləşmə olub: “Üzləşmə zamanı Nadir Feyziyev Alı Nəbiyevi tanımadığını, onu heç xatırlamadığını bildirdi. O, istintaqda verdiyi ifadəsini təsdiqləmədi”.

A.Çovdarov isə zərərçəkmişin yalan danışdığını deyib: “Zərərçəkmişlər sanki leşyeyən quşlara oxşayırlar. Onlar elə bilirlər ki, mənim bu vəziyyətimdən istifadə edəcəklər”.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Xatırladaq ki, C.Alışov istintaqakı dindirilməsində göstərib ki, A.Çovdarov onu MTN-in inzibati binasına çağırıb, 500 min manat tələb edib. Daha sonra C.Alışov A.Çovdarova 350 min manat verib.

Qeyd edək ki, A.Çovdarov 2015-ci ilin noyabr ayında həbs edilib. Həmin vaxt Səbail Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçib. Sonradan həbs qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. O, Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunur.

A.Çovdarov və MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə ittiham aktı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən təsdiq edilərək sentyabrın 5-də aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.
Xatırladaq ki, cinayət işi üzrə 320-dən çox şahid, 60-dan çox isə zərərçəkmiş var. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər A.Çovdarov, S.Məmmədov, A.Əliyev və O.Osmanova məxsus ümumilikdə 33 milyon 466 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 8 milyon 967 min manat dəyərində ticarət və xidmət sahələri, istilikxanalar, balıqçılıq təsərrüfatları və.s əmlak kompleksi, torpaq sahələri, 24 milyon 445 min manat dəyərində fərdi yaşayış evləri, mənzillər, nəqliyyat vasitələri və 37 min manat dəyərində zərgərlik məmulatlarının üzərinə həbslər qoyulub.

Gülnaz Qənbərli

Gununsesi.info