Çovdarovun zərərçəkmişinin qohumu da məhkəmə qarşısında -DƏLƏDUZLUĞA GÖRƏ

  • By admin
  • 27 Fevral 2018 15:26
MTN işi üzrə zərərçəkmişlər arasında bir sıra tikinti şirkətlərinin rəhbərləri də vardı. Onlardan biri də “REAL” Mənzil-Tikinti Kooperativinin (MTK) rəhbəri İlham Qasımov idi. MTN işi üzrə materiallarda bildirilir ki, nazirliyin Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov və işçiləri hədə-qorxu ilə İlham Qasımovdan böyük məbləğdə pul alıblar.
Gununsesi-info xəbər verir ki, sonradan İlham Qasımovun özü də həbs olundu. O, rəhbərlik etdiyi şirkət tərəfindən tikilmiş yaşayış binalarında eyni mənzilləri bir neçə nəfərə satmaqda, şəriklik etdiyi, Rusiyada yaşayan azərbaycanlı milyonçu-şair Gülağa Qəmbərovun (Tənha) pulunu alıb onu aldatmaqda təqsirləndirilirdi. İttihama görə, İlham Qasımov tikinti biznesində şəriklik adı ilə Gülağa Tənhanın 19,5 milyon dollarını alıb, amma nə vəd olunduğu kimi, binalar üçün torpaq sahəsi alınıb, nə binalar tikilib, nə də ki pul geri qayıdıb. Gülağa Tənha məhkəmədəki ifadəsində də bunu təsdiqləmişdi.
İlham Qasımov CM-nin 178 (dələduzluq), 308 (vəzifə səlahiyyətlərindən sui istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinərək 15 il azadlıqdan məhrum edildi. O, Çovdarov və işçilərinin işi üzrə məhkəməyə zərərçəkmiş qismində ifadə vermək üçün həbsxanadan aparılırdı. Həmin vaxt onun özü də Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunurdu.
İndi isə İlham Qasımovun bacısı oğlu Sahil Cahangirli məhkəmə qarşısına çıxarılıb. Ona da CM-nin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham verilib. 31 yaşlı Cahangirli elə onunla həmyaşıd olan Adil Əşrəfovla birlikdə mühakimə olunur.
Sahil Cahangirli dayısının rəhbərlik etdiyi tikinti şirkətinin icraçı direktoru olub. Anar Əşrəfov da həmin şirkətdə  çalışıb. Onlar vətəndaşları aldatmaqda, eyni mənzili bir neçə nəfərə  satmaqda günahlandırılır.
Gülər
Gununsesi.info