COVID-19-la mübarizədə Bakının strategiyası və Prezidentin ÜST tribunasında verdiyi mesajlar

  • By admin
  • 01 İyun 2021 09:57

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyasında Prezident İlham Əliyevin çıxışında bir neçə əhəmiyyətli istiqamət əksini tapıb.

Birincisi, koronavirusun meydana gəldiyi dövrdən etibarən Azərbaycanın izlədiyi mübarizə strategiyası;

İkincisi, yoluxmanın qarşısını almaq üçün tətbiq edilən karantin rejimində zərər görən sahibkarlara, ümumilikdə vətəndaşlara dövlətin dəstəyi;

Üçüncüsü, effektiv mübarizə nəticəsində karantin rejiminin yumşaldılması;

Dördüncüsü, vaksinləşmə siyasəti;

Beşincisi, Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə dəstəyi;

Altıncısı, ədalətsiz peyvənd bölgüsü və Azərbaycanın bu ədlətsizliyə qarşı mübarizəsi;

Prezident İlham Əliyevin çıxışı Azərbaycanın dünyanın bəlasına çevrilən pandemiyaya qarşı ölkə daxilində və qlobal səviyyədəki mübarizə yolunun təsviridir.

COVID-19 Çində peyda olanda Azərbaycan qlobal bəlaya qarşı önləyici addımlara başladı. Nazirlər Kabineti yanında Operativ Qərargah yaradıldı və dövlət orqanlarının fəaliyyəti koordinasiya edildi. Beynəlxalq təcrübədə ən effektiv mübarizə üsulu olan “karantin strategiyası”nı tətbiq etdi. Halbuki, pandemiyaya qarşı “karantin strategiyası” ilə yanaşı, “kütləvi immunitetin formalaşması” və digər mübarizə üsulları da gündəmdə idi. “Kütləvi immunitetin formalaşması” strategiyasını tətbiq edən ölkələrin sonradan “karantin straregiyası”na keçidi də Azərbaycanın ilk dövrdən doğru siyasət izlədiyini təsdiq etdi.

Pandemiyaya qarşı mübarizədə Azərbaycanı digər ölkələrdən fərqləndirən eyni vaxtda bir yox, bir neçə istiqamətdə addımlar atması idi.

Səhiyyə sisteminin gücləndirilməsi

Prezident İlham Əliyevin göstərişi ilə ölkəyə çox sayda süni tənəffüs aparatı gətirildi. Mövcud xəstəxanalarda virusa yoluxanların müalicəsi üçün yerlər ayrıldı, bununla yanaşı, müasir texnologiyalara cavab verən klinika və 200 çarpayılıq modul tipli xəstəxanalar istifadəyə verildi. Qısa zamanda 13 modul tipli və 1 daimi xəstəxana inşa edildi, hazırda COVID xəstələrinin müalicəsi üçün müəyyən edilmiş xəstəxana çarpayılarının toplam sayı 10 mindən artıqdır. 5 ölkədən həkim qrupları ölkəyə dəvət olundu.

Buna paralel olaraq, koronavirus testinin keçirilməsi genişləndirildi. Azərbaycan əhalinin sayı ilə müqayisədə test sayına görə dünyada ən yaxşı göstəricilərdən sayılır. Pandemiyanın dünyada yayılmağa başladığı ilk dövrdə virusa qarşı mübarizə metodlarından biri də gündəlik keçirilən testlərin sayını artırmaqla yoluxma hallarının vaxtında müəyyən edilməsi və qarşısının alınması prinsipinə söykənən “test strategiyası” idi. Azərbaycan bu beynəlxalq təcrübədən də uğurla istifadə etdi. Tibbi maska ilə bağlı yarana biləcək qıtlığı aradan qaldırmaq məqsədilə yerli istehsal müəssisələri açıldı.

Vətəndaşlara və sahibkarlara tam dəstək

COVID-19 dünyaya təkcə xəstəlik yox, həm də iqtisadi itkilər və sosial çətinlik də gətirdi. Müxtəlif ölkələrdə baş verənlər insanların gündəlik ərzaq tələbatını ödəyə bilmədiyini, milyonlarla iş yerinin itirildiyini, 10 milyonlarla insanın aclığa məruz qaldığını göstərir. Azərbaycanda vətəndaşın sağlamlığı üçün “Evdə qal” devizinin davamı olaraq “dövlət sosial təminatını evinə gətirir” addımları atıldı.

Prezident İlham Əliyevin qərarı ilə məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir hazırlandı. Dövlət 2,5 milyard manatlıq dəstək paketini qəbul etdi, 44 min sahibkarlıq subyektində 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsini ödədi. Dövlət sektoru üzrə 900 min, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edildi, dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən 300 min mikro və fərdi sahibkar faydalandı, bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına start verildi, kommunal ödənişlərə güzəşt olundu, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr həyata keçirildi.

Heç bir müəssisənin iflasa uğramasına, heç bir vətəndaşın işsiz qalmasına imkan verilmədi. Sahibkarların kreditlərinin 60 faizi dövlət tərəfindən subsidiyalaşdırıldı. Bütün bunlar ölkə iqtisadiyyatının pandemiyadan ciddi zərər görməsi fonunda həyata keçirildi və bir daha təsdiq olundu ki, Azərbaycan dövləti hər zaman vətəndaşın yanındadır.

Pandemiyaya qarşı mübarizə modeli

Prezident İlham Əliyev COVID-ə qarşı təkcə dövlət səviyyəsində atılan addımlarla kifayətlənmədi və ən mühüm olan vətəndaş həmrəliyinə nail oldu. Koronavirusla Mübarizəyə Dəstək Fondunun yaradılması bu istiqamətdə ən mühüm addımlardandır.

Azərbaycan lideri ölkə daxilində müsbət nəticələr verən bu təcrübəni regional, ardınca beynəlxalq müstəviyə daşıdı. Çünki COVID-19-la mübarizə təkcə ölkə daxili üçün yox, beynəlxalq münasibətlər üçün də sınaq oldu. Ölkələr “özünəqapanma” yolunu seçəndə Azərbaycanı pandemiyanın dağıdıcı təsirlərindən qoruyan Prezident İlham Əliyev regional və beynəlxalq müstəvidə mühüm addımlar atdı. Burada diqqətçəkən məqamlardan biri Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq təcrübə yaratmasıdır.

Pandemiyanın dünyada yaratdığı siyasi-iqtisadi kollaps sübut etdi ki, gözəgörünməz düşmənə həmrəylik olmadan qalib gəlmək mümkün deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Beləliklə, Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü və pandemiyaya qarşı regional müstəvidə həmrəyliyə nail olundu. Ardınca Azərbaycan lideri eyni təcrübəni beynəlxalq müstəvidə tətbiq etdi.

Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Bu, Azərbaycanın pandemiyaya qarşı mübarizə təcrübəsinin beynəlxalq səviyyədə qəbul olunması idi. Zirvə görüşündə Avropa İttifaqı rəsmisinin iştirakı Azərbaycanın COVID-19-a qarşı qlobal birlik formalaşdırdığını göstərdi. Prezident İlham Əliyev həmin Zirvə görüşündə BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın koronavirus pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklif irəli sürdü və müsbət qarşılandı.

Qlobal birliyin inşa edilməsi

Ölkə daxilində yaradılan təcrübəni regonal və beynəlxalq müstəvidə tətbiq edən Prezident İlham Əliyev qlobal səviyyədə ümumi bəlaya qarşı dünyanın birgə mübarizəsinə nail oldu.

Azərbaycan liderinin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi – COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Bu, II Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan koronavirus pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi idi.

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi edib, eyni zamanda, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib. Bu, pandemiyaya qarşı qlobal mübarizəni təmin edən Azərbaycanın ümumbəşəri işə maliyyəsi ilə də dəstək verməsidir.

Pandemiyaya qarşı hazırda əsas mübarizə üsulu vaksinləmədir. Azərbaycan prosesə qoşulan ilk ölkələrdəndir. Bu ilin əvvəlindən başlayaraq vaksin kampaniyasına başlanıb. Artıq 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm Azərbaycan əhalisinin 20 faizini təşkil edir. Azərbaycanda peyvənd olunanlara COVID-19 pasportlarının verilməsi prosesi də həyata keçirilir. COVID-19 pasportu vətəndaşların vaksin olunmasını stimullaşdıran addımlardandır.

Məhz bu siyasətin nəticəsində hazırda ölkədə karantin rejiminin yumşaldılması addımları atılır.

Ədalətsiz bölgüyə qarşı mübarizə

Azərbaycanı narahat edən və Prezident İlham Əliyevin daim gündəmə gətirdiyi məsələ ədalətsiz vaksin bölgüsü ilə bağlıdır. Təəssüf ki, dünyada “peyvənd millətçiliyi” davam edir, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik müşahidə olunur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi az gəlirli ölkələrin payına düşüb.

Bu ilin fevralında vaksinlərin ədalətsiz bölgüsünü gündəmə gətirən Prezident İlham Əliyev Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürdü. Bu qətnamə mart ayında yekdilliklə qəbul olundu.

ÜST-nin sessiyasında çıxışı zamanı ədalətsiz bölgünü gündəmə gətirən Prezident İlham Əliyev inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırdı.

Pandemiyanın başlanmasından indiyə qədərki dövrdə Azərbaycanın ölkə daxilində, regionda və qlobal səviyyədə atdığı addımlar ÜST-nin sessiyasında əsas çıxışçılardan birinin Prezident İlham Əliyev olmasının səbəbini anlamağa imkan verir. Azərbaycan lideri ümumbəşəri bəla ilə mübarizədə birləşdirici, təşəbbüskar fiqurdur və əldə olunan nəticələr Prezident İlham Əliyevin pandemiyaya qarşı qlobal mübarizəyə liderlik edən şəxsiyyətlərdən biri olduğunu göstərir. Bu mübarizə həm də ədalətli bölgü ilə bağlıdır…

Gununsesi.info