“COVID pasportu” satan icra nümayəndəsinə cinayət işi açıldı

  • By admin
  • 08 Fevral 2022 09:37

İmişli rayon icra hakimiyyəti başçısının Hacırüstəmli kənd icra nümayəndəsinin digər vəzifəli şəxslərlə cinayət əlaqəsinə girərək bir neçə şəxsə “COVİD-19” əleyhinə vaksinasiya olunmaları ilə bağlı saxta sənədlər vermələri ilə əlaqədar rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə İmişli rayon prokurorluğundan Gununsesi.info-ya verilən məlumatda bildirilib.

Araşdırmalarla Hacırüstəmli kənd üzrə icra nümayəndəsi Yavər Şıxalıyevin kənd icra nümayəndəliyinin mühasibi İkram Şeyxalıyev və həmin kəndin tibb məntəqəsində qeyri-rəsmi diş texniki işləmiş Fərahim Yadigarov ilə cinayət əlaqəsinə girərək ayrı-ayrı şəxslərə “COVID-19” əleyhinə peyvənd olunmamalarına baxmayaraq, onların “e-Tabib” sistemində peyvənd edilmiş kimi qeydiyyata alınmalarını təmin etməsinə əsaslı şübhələr müəyyən edilİb.

Fakta görə İmişli rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanIB.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

Gununsesi.info