Hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri olan Eldar Sabiroğlu Prezident İlham Əliyevə müraciət edib.
Müraciətə səbəb AMEA rəhbəri Ramiz Mehdiyevin son açıqamalarıdır.
Həmin məktubu təqdim edirik:
Cənab Prezident!
Sizin dövlət və xalq həyatı üçün apardığınız islahatları bir vətəndaş olaraq bütünlüklə dəstəkləyirəm. 44 günlük vətən müharibəsində Zəfər qələbəmizin əldə edilməsində göstərmiş olduğunuz qəhrəmanlıq və üç min şəhidimizin ölməz ruhu Azərbaycanın tarixinə silinməz səhifələr yazdı.
Əsrlər keçsə də düşmən üzərində bu qələbə unudulmayacaqdır. Möhtərəm prezident, əvvəlki münasibətləri xatırlayaraq ərkyana etdiyim bu müraciətimə görə əvvəla Sizdən üzr diləyir və icazənizlə ali diqqətinizə son zamanlar AMEA-nın timsalında ictimai fikirdə xoş olmayan, ardı-arası durmayan söz-söhbətlərə yönəltmək istəyirəm.
Hətta dövlət adına zərər vuracaq qədər yayılan açıqlama və bəyanatları ilə AMEA-nın uğursuz və intriqan “prezidenti” Ramiz Mehdiyevin akademiyada elmi idarəetməni və yaradıcılıq mühitini son dərəcə bərbad vəziyyətə salması, dövlət başçısı kimi göstərdiyiniz səmimiyyəti qulaq ardına vuraraq böyük tarixi ənənələri olan bu məbadgahı köhnə peşəsinə uyğun siyasi demoqogiya mərkəzinə çevirməsi cəmiyyət tərəfindən ciddi narazılıqla qarşılanır. Vəziyyət artıq o həddə qədər gəlib çatmışdır ki, heç bir məsulliyyət hiss etmədən akademiyanın mətbuat katibliyini və ictimaiyyətlə əlaqələr bölməsini özünümüdafiə məqsədinə cəlb etməkdən belə çəkinmir. Bu adamın qarşısı qətiyyətlə kəsilməlidir. Əks təqdirdə cənab Prezident, böyük bir ordunu-10000-dən çox əməkdaşı olan elm ocağını dövlətdən narazı salmaq planını bu qədirbilməz “akademik” gerçəkləşdirə bilər. Çox təhlükəli və məkrli bir şəxsdir. Son açıqlamasında bir qədər də irəli gedərək saxta parlament seçkilərindən danışır, ölkədə rus dilinin tədrisinə qarşı güya hücumların olduğu barədə yanlış, qızışdırıcı fikirlər ortaya atır. Məqsəd aydındır və nə üçün etdiyi də başa düşüləndir. İndi tam əminliklə demək mümkündür ki, rus dilinin təbliğinə qarşı çıxanları gündəmə gətiməkdə başlıca qayəsi və arzusu özünü 5-ci kalonun Azərbaycandakı baş müfəttişi kimi toxunulmaz olduğunu nümayiş etdirməkdir.
Bir sözlə, cənab Prezident, Ramiz Mehdiyev AMEA-da dövlət içində dövlət qurmağa başlayıb. Müraciətim bir qədər uzun olduğundan üzrlü saymanızı Sizdən xahiş edirəm.
Dərin hörmətlə, Eldar Sabiroğlu
Gununsesi.info